Üçrəngli bayrağımız Şuşada əbədi dalğalanacaq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalib ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncərdir. İllərdir Cıdır düzündə kef məclisləri təşkil edən, yallı gedən, Ermənistan rəhbərliyi indi İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi mesajları sakitcə dinləmək məcburiyyətindədir. Prezident İlham Əliyev Ermənistandakı revanşist qüvvələrə Şuşadan ciddi xəbərdarlıq edərək bildirdi ki, onlar yenidən baş qaldırsalar, bir daha dəmir yumruqla üzləşəcəklər.

Həmin o revanşist qüvvələr əslində reallığın fərqindədirlər. Lakin hakimiyyət uğrunda apardıqları savaş və münaqişənin Azərbaycanın xeyrinə başa çatmasını həzm edə bilməyən bəzi xarici dairələr postmüharibə dövründə də bölgədə sülhə xələl gətirmək istəyirlər. Ermənistan ordusunun texnikası və canlı qüvvəsi tamamilə məhv olub. Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunması barədə danışırlar. Ermənistanda müxalif təşkilatların nümayəndələri hakimiyyətə gəlmək üçün revanş haqqında düşünürlər. Biz bu kimi çıxış və bəyanatları son 30 ildə dəfələrlə erməni siyasətçilər və hərbçilər tərəfindən eşitmişik. Nəticə isə hər kəsə bəllidir: Faktiki olaraq, suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və diasporu. Ona görə də, yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları, xüsusən də Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni geosiyasi proseslərin təməli qoyulmaqdadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

Erməni vandalları isə barbarlıqlarını həm müharibənin gedişində, həm də atəşkəs vaxtlarında nümayiş etdirdi. Bununla bağlı Prezident İlham Əliyevin bildirdiyi kimi: “Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər”.

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfəri bu torpaqların dirçəlişini daha da sürətləndirir. Bu səfərlərin hər biri dərin məna daşıyır, böyük əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, bu gün həmin ərazilərdə intensiv şəkildə bərpa və quruculuq işləri aparılır. Yeni yollar çəkilir, tarixi-mədəni abidələr bərpa olunur, infrastruktur yaradılır. Dövlət başçısının bölgəyə səfərləri də ilk növbədə məhz həmin bu işlərin xüsusi diqqət mərkəzində saxlandığını göstərir.


Bir daha qeyd etmək istəyirəm ki, möhtərəm dövlət başçımızın indiyədək işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya etdiyi səfərləri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul idilər. Lakin möhtərəm Prezidentimizin də öz çıxışlarında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər.

Bu torpaqların əsl sahibləri isə həmin ərazilərdə bu gün yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün işlər görür. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə də start verilib. Tezliklə bütün dünya Şuşamızın yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər.

Nərmin Hüseynzadə,
Zəngilan RİH əməkdaşı,
YAP Zəngilan Rayon Təşkilatı Gənclər Birliyinin sədri

Teqlər: