Ucarda narkotiklərin satışında şübhəli bilinən iki nəfər və
oğurluqda şübhəli olan bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda keçirilən əməliyyat
tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli
bilinən iki rayon sakini saxlanılıb. Araşdırmalarla onların Səfər
Əliyev və Mirqədir Qasımov olduqları müəyyən edilib.
Saxlanılan zaman S.Əliyevin üzərindən 6 qramdan artıq heroin və
marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif
çəkilərdə heroin və metamfetamin, M.Qasımovun avtomobilindən və
evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın
metamfetamin aşkarlanaraq maddi sübut götürülüb.
Dindirilmə zamanı hər iki şəxs cinayət əməlləri etiraf
ediblər.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat
tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən
aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon
sakini Nurlan İsmayılov da saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin gecə saatlarında obyektlərə
qanunsuz daxil olduğu və zərərçəkmişlərə maddi ziyan vurduğu,
cinayət yolu əldə etdiyi pulları isə xərclədiyi məlum olub.
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, saxlanılan
şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Hər üç şəxs
bundan əvvəl də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə
məhkumluq həyatı yaşayıblar.