Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.
AzerTimes xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov Report-a sorğusuna cavab olaraq bildirilib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:
“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.
Qeyd edək ki, Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində naməlum şəxs (və ya şəxslər) tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşıb, təhqir olunublar: “17 iyun 2022-ci il tarixdə 27 nəfər Ucar sakininin imzası ilə şikayət ərizəsi yazaraq Ucar Rayon Polis Şöbəsinə müraciət etmişik. Artıq bu şantajın əlliyə yaxın qurbanı (zərəçəkən) var”.