Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərarın qəbul edilməsi təkcə bu təşkilatın gerçək simasını ortaya çıxarmadı, həm də dost hesab etdiyimiz ölkələrin həlledici məqamda necə davrandığını da göstərdi. Bu kontekstdə xüsusilə Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin mövqeləri diqqət çəkdi. Çünki:
– Azərbaycanın bu ölkələrlə münasibəti həmişə yüksək səviyyədə olub;
– Dörd ölkənin – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova – hər biri işğaldan əziyyət çəkib;
– Avropa strukturları ilə əməkdaşlıq proqramlarında dörd ölkə bir platformada təmsil olunub;
– Hər üç ölkə – Moldova da, Ukrayna da, Gürcüstan da AŞPA-nın ədalətsizlik etdiyini yaxşı anlayırdı, hətta Ukrayna nümayəndə heyətinin üzvü Oleksi Qonçarenko bunu təşkilatın tribunasından çıxışında da dilə gətirdi;
Buna baxmayaraq, hər üç ölkə Azərbaycanı AŞPA-nın ədalətsizliyi qarşısında tək qoydu. Moldova Azərbaycanın əleyhinə səs verdi, Ukrayna və Gürcüstan isə ümumiyyətlə səsvermədə iştirak etmədi.
Səsvermədə iştirak etməmək texniki olaraq AŞPA-nın qərarını dəstəkləmək olmasa da, həm də Azərbaycanı yalnız buraxmaq deməkdir. Hər üç ölkənin sərgilədiyi mövqe Azərbaycanla münasibətlərin ruhuna ziddir, eyni zamanda, bu, Azərbaycan xalqının bu ölkələrə verdiyi təmənnasız dəstəyə də adekvat deyil.
Ukrayna, Moldova və Gürcüstanın AŞPA-da Azərbaycanı dəstəkləməməsi GUAM-dakı münasibətlər fonunda təəssüf doğurur. Halbuki, GUAM-a üzv olan dörd ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi həm təşkilatdaxili münasibətlər, həm də təşkilatın dünya siyasətində mövqeyinin güclənməsi baxımından zəruridir. Ukrayna, Moldova və Gürcüstan isə təkcə Azərbaycana qarşı çıxmadılar, həm də GUAM-a zərbə endirdilər. Çünki 2024-cü ildə GUAM-a Azərbaycan sədrlik edir və belə görünür ki, hər üç ölkə bir tərəfdən təşkilatın fəaliyyətini, həm də təşkilat daxilində maraqlarını rəsmi Bakıya həvalə edir, digər tərəfdən, AŞPA-da Azərbaycanın əleyhinə çıxırlar. Bu etibarsız mövqe Azərbaycana arxadan vurulan zərbə deməkdir və istisna deyil ki, GUAM-ın gələcəyinə də təsirsiz ötüşməyəcək.
Birincisi, GUAM daxilində münasibətlərin səmimiyyətinə və inkişafına mənfi təsir edə bilər: bundan sonra Ukrayna, Moldova və Gürcüstan GUAM-da tərəfdaş olduqları və bu il təşkilata sədrlik edən Azərbaycana etibarlı tərəfdaş olduqlarını necə göstərə biləcəklər?!
İkincisi, Azərbaycan GUAM-a sədrlik dövründə aktiv diplomatiya potensialını bu təşkilatın güclənməsi, beynəlxalq münasibətlərdə mövqelərinin möhkəmlənməsi üçün istifadə etmək haqda bir daha düşünə bilər;
GUAM xüsusilə son illər passiv təşkilata çevrilib və beynəlxalq münasibətlərdə mövqeləri zəifləyib. Azərbaycanın təşkilatda sədrliyə başlaması, bu vəziyyətin dəyişəcəyi gözləntisini artırıb. Çünki Azərbaycanın güclü diplomatiya potensialı, eləcə də sədrlik etdyi təşkilatları dünya siyasətində həlledici mərkəzə çevirmək təcrübəsi var. Son illərə nəzər yetirdikdə bununla bağlı iki faktı qeydə etmək mümkündür.
Qoşulmama Hərəkatı: Azərbaycan hərəkata rəhbərliyi dövründə təşkilatın beynəlxalq nüfuzu heç olmadığı qədər yüksəldi. Məhz buna görə, QH üzvləri yekdil qərarla 2019-2022-ci illərdə hərəkata sədrlik edən Azərbaycanın hərəkata sədrlik müddətini 2023-cü ilə qədər uzatdılar. Hərəkata sədrliyi dövründə Azərbaycan QH-ni beynəlxalq siyasətin mərkəzinə çevirdi.
– COVİD-19 pandemiyasına qarşı hərəkat daxilində həmrəylik yaratdı;
– QH tarixində ilk dəfə olaraq, Zirvə görüşündə Avropa İttifaqının rəsmisinin iştirakını təmin etdi və bununla iki qütb arasında körpü saldı;
– Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi irəli sürdüyü təşəbbüslə 2020-ci ilin dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi;
– Azərbaycanın təşəbbüsü ilə dünyada peyvənd millətçiliyinə qarşı mübarizə aparıldı və QH bu prosesdə əsas təşkilat kimi ön plana çıxdı;
– Azərbaycan QH-nin sədri kimi hərəkata üzv dövlətlərin təsisatlanması istiqamətində mühüm nəticələr əldə etdi;
– QH-nin daimi katibliyi Bakıda yerləşən Gənclər Təşkilatı təsis edildi, o cümlədən, parlament şəbəkəsi quruldu;
– QH-nin neokolonizmə qarşı mübarizəsini təşkil etdi: hərəkata üzv ölkələr arasında neokolonizmdən əziyyət çəkənlərin olduğunu nəzərə alanda, bu, həmin ölkələrin gələcəyinin də inşa edilməsi baxımından əhəmiyyətli addımdır;
Türk Dövlətləri Təşkilatı: Azərbaycan türk dünyasının dərin interqrasiyasına böyük töhfə verib;
TDT-yə sədrliyi dövründə Azərbaycan türk dövlətlərinin bütün sahələr üzrə inteqrasiyasının genişlənməsini təmin etdi. Pandemiya dövründə də təşkilata üzv olan ölkələr arasında həmrəliyə nail olaraq, bəşəriyyətin bəlasına qarşı daha effektiv mübarizə aparılmasına nail oldu. Bununla yanaşı, Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyi təmin etdi. Rəsmi Bakının təşəbbüsləri və səyləri nəticəsində TDT artıq beynəlxalq təşkilata çevrilmək istiqamətində inamla addımlayır.
Azərbaycanınm sədrlik etdiyi, yaxud təmsil olunduğu təşkilatların inkişafına və güclənməsinə böyük töhfə verdiyi haqda yetərincə faktlar mövcuddur. Buna zəmin yaradan əsas amil isə ölkəmizin yüksək diplomatik potensiala malik olmasıdır.
Bu təcrübə və diplomatik potensial fonunda Azərbaycanın GUAM-a sədrliyi bu təşkilat üçün də müsbət perspektivlər vəd edir. Rəsmi Bakı Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatından sonra GUAM-ı da beynəlxalq siyasətin mərkəzinə çevirmək imkanı var. Lakin təşkilata üzv olan Ukrayna, Moldova və Gürcüstanın AŞPA-da Azərbaycana arxadan vurduğu zərbə GUAM-ın perspektivi də sual altına salır. Çünki eyni təşkilatda tərəfdaş olduğu ölkələrin davranışı Azərbaycanı diplomatik potensialını GUAM üçün sərfə etmək haqda bir daha düşünməyə vadar edir.