Üç güləşçimiz dünya çempionatında bürünc qazandı

Üç güləşçimiz dünya çempionatında bürünc qazandı

İordaniyanın Amman şəhərində keçirilən 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.

AzerTimes xəbər verir ki, mundialda iştirak edən Azərbaycanın 6 qız güləşçisindən 3-ü fəxri kürsüdə yer alıb.

Nəzrin Əhmədli (40 kiloqram) kanadalı İraabir Suç (12:1) və türkiyəli Liva Çelikə (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında ukraynalı Kamila Kuçmaya (0:5) məğlub olan Əhmədli bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Vivyen Şentpaladan güclü olub – 11:6.

Günay Qurbanova (61 kiloqram) rusiyalı Zalina Totrovaya (AİN) 9:4 hesabıyla, daha sonra isə iordaniyalı Maya İşakata vaxtından əvvəl (10:0) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda yaponiyalı Sae Noquçiyə məğlub olub – 0:5. Qurbanova bürünc medal uğrunda qarşılaşmada hindistanlı Racnita Racnitanı “tuş”la üstələyib.

Zəhrə Kərimzadə (69 kq) 1/8 finalda ukraynalı Aleksandra Rıbaka müqavimət göstərə bilməyib – 0:10. O, təsəlliverici görüşdə Kıjjıbek Jarkinbayevanı mübarizədən kənarlaşdırıb – 3:1. Zəhra üçüncü yer uğrunda görüşdə türkiyəli İlayda Cinlə üz-üzə gəlib. Qarşılaşmanın son saniyələrində işlətdiyi 4 xallıq fənd idmançımıza 6:4 hesablı qələbə qazandırıb.

Beləliklə, Azərbaycan millisi 3 bürünc medalla dünya çempionatını başa vurub. Bu isə medalların sayına görə son 9 ilin ən yaxşı nəticəsidir. Böyük məşqçi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında komanda hesabında 6-cı yeri tutan yığmamız 55 xal toplayıb ki, bu da U-17 dünya çempionatları tarixində komandamızın topladığı ən yüksək xaldır.

Teqlər: