TV tarixində ilk: Xudafərinin yanından veriliş yayımlanıb

Azərbaycan Televiziyası TV məkanında ilk dəfə Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün yanında veriliş hazırlayıb və yayımlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, politoloq Tofiq Abbasovun təqdimatında efirə gedən verilişin mövzusu son günlərin əsas hadisələri – Hərbi Qənimətlər Parkının açılışı və ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans olub.

Tanınmış jurnalist, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bu kimi verilişlərin vacibliyindən danışıb. Bildirib ki, son illər AzTV maraqlı verilişlərlə gündəmə gəlir: “Heç kimə sirr deyil ki, əvvəllər AzTV-nin izləyicisi az idi. İndi bu kimi maraqlı verilişlərlə kanal itirilmiş izləyicini geri qazanıb. AzTV xalqımızın tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən verilişlər yayımlayır. Bu dəfə AzTV-nin teleməkanda ilk dəfə olaraq Xudafərin körpüsünün yanından veriliş yayımlamasını əlamətdar hadisə hesab edirəm”.

Elnur Eltürk qeyd edib ki, veriliş Güney Azərbaycanda da maraqla qarşılanıb: “Bilirsiniz ki, körpü xalqımızın milli-mənəvi və tarixi ideoloji düşüncəsində xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsində Güneydən olan qardaş və bacılarımız əsgərlərimizə dəstək olurdular. Əsgərlərimizi alqışlarla döyüşə yola salırdılar. Onlarla belə videolar yayımlanırdı. Vətən müharibəsi birliyimizi daha da gücləndirdi. Bu gün Xudafərin birlik və həmrəylik simgəsinə çevrilib. Həm də Xudafərindən düşmənə verilən mesajlar aydındır. Qarabağ bütövlükdə Azərbaycan torpağıdır”.

Teqlər: