Media sahəsində fəaliyyət tam olaraq yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Şuranın və ya heç bir dövlət orqanının yaradıcılıq fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Bu müddəa da fəaliyyətimizin əsasında bir qırmızı xətt kimi keçir.
Bu sözləri AzerTimes-a açıqlamasında Audiovizual Şura aparatının rəhbəri Fazil Novruzov bildirib.
“Bir sıra proqramlarda xoşagəlməz, cəmiyyətdə böyük qınaq yaradan hallar baş verir. Şura bütün bu halların hamısını araşdırır və hüquqi baxımdan qiymətləndirir, bəzən də yaradıcılıq və redaksiya müstəqilliyinə xələl gətirmədən həmin yayımçılara müvafiq tövsiyələr verir və cəmiyyətin reaksiyasını nəzərə almağı çağırır”, – Fazil Novruzov deyib.
Novruzov qeyd edib ki, audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların, proqramlarının mütəmadi monitorinqləri aparılır və hər hansı proqramda qanun pozuntusu aşkarlandığı təqdirdə müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilir.