Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin payız sessiyasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı bir monitorinq keçirəcəyik.

Bunu AzerTimes-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, monitorinqin məqsədi qanunun hansı sahələrdə pozulmasını, hansı sahələrdə uğurlar əldə edilməsini müəyyən etməkdir.

Komitə sədri vurğulayıb ki, monitorinqin nəticələrinin dinləməyə çıxarılması nəzərdə tutulur.

“Dinləmələrdə, həmçinin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edəcək. Monitorinq zamanı qanunun icrasının hansı səviyyədə olduğunu müəyyən edəcəyik və bunu müvafiq qurumların nümayəndələri ilə müzakirə edəcəyik”, – deyə M.Quliyev bildirib.

Teqlər: