TÜRKSOY-un baş katibindən Qarabağ açıqlaması

TÜRKSOY-un baş katibindən Qarabağ açıqlaması

Mədəni mirası məhv etmək, başqa ölkənin torpaqlarını qəsb etmək qeyri-insani münasibətdir.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

O, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya və tarixi-mədəni abidələrə zərər verməsini işğalçı dövlətin məğlubiyyəti kimi qiymətləndirib.

Baş katib vurğulayıb ki, ermənilərin mədəni mirasa bu cür davranışı başqa xalqın mədəniyyətinə hörmətsizlikdir:

“30 il Qarabağı qəsb edib əsarət altında saxlayıblar, sonra da çıxarkən hər şeyi dağıdıb xarabaya çeviriblər. Bu, yaşadığımız müasir dünyada dəhşətli bir əməldir. Düşünürəm ki, onlar bu ərazilərin onların vətəni və torpağı olmadığını bilirdilər. Hətta bilirdilər ki, zaman gələcək bu torpaqları geri vermək məcburiyyətində qalacaqlar”.

İndiyədək dörd dəfə Qarabağa səfər etdiyini söyləyən Sultan Rayev bildirib ki, Şuşanın təbiəti onu valeh edib:

“Şuşada Bülbül, Üzeyir Hacıbəyli, Natəvanın heykəllərini gördüm. Əgər insan hətta heykəlləri belə güllələyirsə, bu əməli ifadə etməyə söz tapmaq olmur. Allaha şükürlər olsun ki, ədalət öz yerini tapdı. Deməli, bu onların başqasının haqqına sahib çıxmaq cəhdlərinin boş olduğunu, məğlub olduqlarını sübut edir”.

Teqlər: