“TÜRKOVAC”-ın Azərbaycanda 3-cü faza kliniki sınaqları ilə bağlı protokol imzalanıb

Azərbaycanda COVID-19-a qarşı hazırlanan Türkiyə istehsalı olan “TÜRKOVAC” peyvəndinin 3-cü faza kliniki sınaqlarına başlanılır.
Bununla bağlı Türkiyə Sağlamlıq İnstutları Başqanlığı (TUSEB) ilə
Bakı Sağlamlıq Mərkəzi arasında protokol imzalanıb.

AzerTimes xəbər verir ki,
protokolu TUSEB rəhbəri Erhan Akdoğan və Bakı Sağlamlıq Mərkəzinin
direktoru Asiman Həsənov imzalayıb.

İmzalanma mərasimində açıqlama verən TUSEB rəhbəri Erhan Akdoğan “Türkiyədə “TÜRKOVAC” geniş şəkildə tətbiq olunur və biz görürük
ki, Türkiyə vətəndaşları bu peyvəndlərə böyük maraq göstərirlər. “TÜRKOVAC” peyvəndi Türkiyədə bütün dozalarda tətbiq edilir. Bu gün
bizim üçün də çox önəmli bir gündür. Çünki dost və qardaş
Azərbaycan ilə həm elmi sahədə, həm də yerli və milli peyvəndimizin
Azərbaycanda geniş şəkildə tətbiq edilməsi üçün 3-cü faza kliniki
sınaqlarına başlanılmasına şahid oluruq”, – deyə bildirib.

Akdoğan Türkiyənin dünyada COVID-19 peyvəndi istehsal edə bilən
9 ölkədən biri olduğunu ifadə edib: “Hər sahədə əməkdaşlıq
etdiyimiz dost və qardaş ölkə Azərbaycanla belə bir əməkdaşlığa
imza atmaq çox vacibdir. Xüsusilə, gələcəyin pandemiyalarına
hazırlıq nöqtəsində türk xalqları olaraq birlikdə və hazır
olduğumuzu göstərməkdən qürur duyuruq”.


Türkiyənin COVID-19 ilə mübarizədə Azərbaycana böyük dəstək
verdiyini bildirən Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman
Həsənov Azərbaycanda 4 müxtəlif peyvəndin tətbiq edildiyini
bildirib.

“Dost və qardaş Türkiyə öz peyvəndini istehsal edib və bu
peyvənddən səmərəli şəkildə istifadə edir. Bu gün “TÜRKOVAC”-ın
Azərbaycanda 3-cü faza kliniki sınaqlarına başlayırıq”, – deyə qeyd
edib.

İmzalama mərasimində iştirak edən Türkiyə Aşı İnstitutunun
rəhbəri Atəş Kara da “TÜRKOVAC” peyvəndinin Türkiyədə geniş şəkildə
istifadə edildiyini və böyük maraqla qarşılandığını bildirib.

Teqlər: