Özbəkistan və Türkmənistan iki ölkə arasında uçuşların bərpasını və birgə avtomobil istehsalının açılmasını müzakirə edirlər.
AzerTimes-ın məlumatına görə, Daşkənddə Türkmənistan-Özbəkistan hökumətlərarası komissiyasının növbəti iclasında nəqliyyat əlaqələrinin gücləndirilməsi və ölkələr arasında uçuşların mərhələli şəkildə bərpası məsələlərinə baxılıb.
Uçuşların bərpası 2022-ci ilə planlaşdırılır. Nəqliyyat dəhlizlərinin daha da inkişafı üçün hər iki tərəf qarşılıqlı tarif güzəştləri vermək niyyətindədirlər.
Bildirilir ki, görüşdə Türkmənbaşı şəhərindəki beynəlxalq dəniz limanının infrastrukturundan istifadə perspektivləri də nəzərdən keçirilib.
Bundan başqa, Türkmənistan və Özbəkistan nümayəndələri birgə avtomobil istehsalının yaradılması barədə razılığa gəliblər. Məişət texnikası, tikinti materialları, tekstil, dəri və ayaqqabı istehsalı üzrə ikitərəfli layihələrin hazırlanması ilə paralel olaraq avtomobil sənayesində əməkdaşlığın detalları müzakirə olunacaq.
Hər iki dövlətin müvafiq nazirlik və idarələri yeni investisiya layihələrinin formalaşdırılması və ikitərəfli müqavilələr bağlamaq üçün mütəmadi olaraq məsləhətləşmələr aparacaqlar.