Türkmənistan qazının Azərbaycana tədarükü regionda yeni enerji əməkdaşlığı üçün başlanğıcdır – İranlı ekspertlər

Xəbər - Elnur Bağışov – Trend:

2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan qazın svop tədarükü barədə müqavilə imzalayıb. Müqavilənin icrası 1 yanvar 2022-ci ildə başlayıb.

SOCAR-ın məlumatına görə, Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Azərbaycana təhvil verilir. Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur. Gətirilən qazın qalan həcmi isə Astara yaxınlığında təhvil alınacaq.

İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının enerji komitəsinin sədri Həmidrza Salehi AzerTimes-a açıqlamasında bildirib ki, Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə müqavilənin icrası regionda enerji sektorunda yeni əməkdaşlıq üçün başlanğıcdır.

“İranın qaz və digər enerji daşıyıcılarının nəqli sahəsində özünəməxsus infrastrukturu var. Qonşu ölkələrlə enerji sahəsində əməkdaşlıqla böyük planları icra etmək mümkündür”, – deyə o bildirib.

Enerji məsələləri üzrə iranlı ekspert Nersi Qurban da AzerTimes-a açıqlamasında qeyd edib ki, Türkmənistan qazının İran vasitəsilə Azərbaycana tədarük edilməsi enerji sektorunda müsbət nəticələrə gətirib çıxaracaq.

N.Qurbanın sözlərinə görə, hər bir iqtisadi saziş siyasi münasibətlərə də müsbət təsir edir, bu baxımdan qaz svopu barədə razılaşma da Azərbaycan və İran üçün əhəmiyyət kəsb edir.


İranlı ekspert bildirib ki, yanvarın 1-dən icrasına başlanan qaz tədarükü bölgədə digər ölkələrə qaz nəqli üzrə də anlaşmalara gətirib çıxara bilər.

Lakin Türkmənistan qazını İran vasitəsi ilə Azərbaycana svop edən infrastruktur gələcəkdə Avropaya mümkün ola biləcək qaz ixracı üçün yetərli deyil. Avropa istiqamətində İranın qaz ixrac etməsi üçün yeni boru xətləri lazımdır.

İranın Avropaya qaz ixracı üzrə qərar olduğu halda, qaz boru xəttinin inşa edilməsinə 5-6 il vaxt lazımdır”, – deyə o bildirib.

N.Qurbanın fikrincə, hazırda Türkmənistan qazının Azərbaycana svop edilməsi müqaviləsinin icra olunması ilə İranın qonşu ölkələrlə qaz əməkdaşlığı artıb:

“Hətta İran Türkmənistan qazını qərbdə Türkiyə və İraqa, şərqdə Pakistana svop edə bilər”, – deyə ekspert vurğulayıb.