Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün formalaşdırılmasında öncül və fəal mövqe tutur.
Trend-in məlumatına görə, bunu Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov “TRT World” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli sammiti üç qardaş dövlətin və xalqın uzunmüddətli maraqlarına cavab verir:
“Hazırda Türkmənistan, Azərbaycan və Türkiyə arasında, onların rəhbərləri arasında münasibətlərin səviyyəsi siyasi, iqtisadi, ticarət və humanitar istiqamətlərdə üçtərəfli əməkdaşlığı səmərəli inkişaf etdirməyə və təkmilləşdirməyə imkan verir”.
Hər üç ölkənin sülh, sabitlik və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi üzrə birgə səylər göstərdiyini qeyd edən Q.Berdiməhəmmədov vurğulayıb ki, onlar regional məsələlərdə konstruktiv tərəfdaşlıq və qarşılıqlı anlaşma prinsiplərinə təşviq edir.
“Türkmənistan, Azərbaycan və Türkiyənin yanaşmaları Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarının inkişafına müsbət təsir göstərir. Bu, qeyd olunan regionların uzunmüddətli sabitliyin əsasına çevrilməsinə xidmət edir” – deyə Q.Berdiməhəmmədov bildirib.
Türkmənistan prezidenti həmçinin qeyd edib ki, ticari-iqtisadi münasibətlər müntəzəm olaraq qarşılıqlı səmərəli və bərabərhüquqlu əsasda inkişaf edir.
“Əminəm ki, Türkmənistan, Azərbaycan və Türkiyə Şərq-Qərb istiqamətində etibarlı nəqliyyat və enerji körpüsünün formalaşdırılmasında öncül və fəal mövqe tutur. Ümid edirəm ki, ölkə prezidentlərinin müəyyən səbəblərdən təxirə salınmış görüşü yaxın zamanlarda keçiriləcək”.
(Tərcümə: Orxan Nəbiyev)