Xəbər - Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev – Trend
Zəngin karbohidrogen ehtiyatlarına malik Türkmənistanla Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı nəinki bu ölkələr üçün, həm də bütün Mərkəzi Asiya, Xəzər və Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır.
Bunu AzerTimes-a Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev deyib.
O qeyd edib ki, bu əməkdaşlıq regionun enerji xəritəsində ciddi dəyişikliklərə, iri investisiya axınına, region ölkələrində iqtisadi inkişafa, yeni iş yerlərinin yaradılmasına və bunun nəticəsində həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.
İki ölkə arasında əməkdaşlıq barədə danışan səfir bildirib ki, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının ikitərəfli əməkdaşlıq əsasında işlənməsi kommersiya və texniki baxımdan marağı artırır:
“Beləliklə, Xəzər dənizində karbohidrogenlərin nəqli üçün yaradılmış müasir infrastruktur “Dostluq” yatağından hasil edilən enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün əlverişli şərait yaradacaq”.
Diplomat əlavə edib ki, perspektivdə yatağın işlənməsi və hasilat Mərkəzi Asiya enerji ehtiyatlarının təmin olunması üçün Trans-Xəzər boru kəmərinin tikintisinə təkan verə bilər:
“Yataqdan hasil olan təbii qaz və neft Türkmənistan və Azərbaycanın neft-kimya sənayesini genişləndirməyə imkan verəcək. Bu, geniş əməkdaşlıq üçün yol açan çox vacib razılaşmadır”.
M.İşanquliyev bildirib ki, hazırda Memorandum çərçivəsində müvafiq strukturlar arasında layihələrin reallaşdırılması və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün işçi qruplar yaradılıb:
“Qrupların işi əməkdaşlığı yeni səviyyəyə yüksəldəcək və bu sahənin gələcək inkişafı üçün məqbul şərtlərin tapılmasına gətirib çıxaracaq”.
Səfir enerji sahəsi ilə yanaşı iki ölkə arasında əməkdaşlığın digər sahələrindəki nailiyyətlərini də qeyd edib. O vurğulayıb ki, hazırda Türkmənistan-Azərbaycan marşrutu üzrə “Türkmentelekom” və “Azertelecom” şirkətləri tərəfindən həyata keçirilən Xəzər dənizinin dibi ilə fiber-optik kabelin tikintisi və istismarı layihəsi ilkin mərhələdədir:
“Trans-Xəzər fiber-optik kabel xətti gələcəkdə ölkələrimizi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya üçün rəqəmsal mərkəzə çevirəcək”.
Yaxın gələcəkdə planlaşdırılan birgə layihələrdən danışan M.İşanquliyev bildirib ki, hazırda Türkmənistan hökumətinin təşəbbüsü ilə “Xəzər dənizi – Qara dəniz” nəqliyyat dəhlizinin yaradılması qlobal xarakter alıb. Bu layihənin üzvləri Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyadır:
“Hazırda Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya hökumətləri arasında “Xəzər dənizi – Qara dəniz” beynəlxalq tranzit və nəqliyyat dəhlizinin yaradılması barədə Sazişin nəzərdən keçirilməsi yekunlaşmaq üzrədir”.
Səfirin sözlərinə görə, Xəzər və Qara dəniz regionlarının vahid nəqliyyat dəhlizində birləşməsi iqtisadi tərəfdaşlığın, istehsal və enerji üzrə tərəfdfaşlığın, ticarət və investisiyaların inkişafı üçün geniş perspektivlər açır:
“Xəzərdə əməkdaşlıq formatının yaradılması ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcək. Azərbaycanın karbohidrogen ehtiyatlarını Avropaya ixrac etməyə imkan verə zəruri infrastrukturu var”.
M.İşanquliyev əlavə edib ki, Türkmənistan və Azərbaycan beynəlxalq enerji əməkdaşlığı sahəsində Avropa bazarlarına marşrutların şaxələndirilməsi, təhlükəsizlik və etibarlılıq təminatı, çoxtərəfli maraqların nəzərə alınmasına əsaslanan balanslaşdırılmış, çoxvariantlı tədarük sisteminin yaradılmasının tərəfdarıdır:
“Türkmənistan və Azərbaycan iri karbohidrogen istehsalçıları olaraq bir-birlərini beynəlxalq məkanda dəstəkləyir və enerji daşıyıcılarının tədarükünün şaxələndirilməsi baxımından eyni mövqe nümayiş etdirir. Bu istiqamətdə işlər həm ikitərəfli formatda, həm də beynəlxalq tərəfdaşlarla davam edəcək”.
Səfir nəqliyyat sahəsində Türkmənistanla Azərbaycanın əməkdaşlığına da xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, “Lapis Lazuli” dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi imkanları nəzərdən keçirilir:
““Lapis Lazuli” dəhlizinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi yüklərin Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə 50-60 ölkəyə, o cümlədən Avropa və Şimal Afrikanın əksər ölkələrinə nəqlini təmin edəcək”.