Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) İraq Respublikası Nümayəndələr Şurasının sədri və üzvləri ilə görüş keçirilib.
AzerTimes xəbər verir ki, görüşdə İraq Respublikasının Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Salehi, şura üzvləri Nuruldin Hüseyin Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi, İbrahim Vəzir Ənvər iştirak edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni münasibətlər yüksək səviyyədədir. Rektor ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib.
Bildirilib ki, dil və mədəniyyət mərkəzləri elmi əməkdaşlığın artırılması, yeni elmi təcrübələrin öyrənilməsi, müəllim-tələbə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıyır.
İraqda yaşayan türkmanların bizə doğma və dost olduğunu deyən rektor qonaqlarla gələcək elmi əlaqələrin inkişafı, perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən İraq Respublikasının Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Salehi Azərbaycanın regionda və dünyada artan nüfuzundan və Qarabağ zəfərindən məmnunluqla danışıb.
Qonaq bölgədə gedən prosesləri yaxından izlədiklərini, Qarabağın azad olmasına sevindiklərini qeyd edərək Azərbaycanın regionda sülhün və tərəqqinin möhkəmləndirilməsi uğrunda səylərini yüksək qiymətləndirib. O, Azərbaycanla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
İraqda fəaliyyət göstərən universitetlər haqqında danışan qonaq elmi əlaqələrin qurulması baxımında əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Bağdad və Mosul şəhərlərində fəaliyyət göstərən universitetlərdə türkcə bölümlərin olması, tələbələrin türk dilinə olan marağı önə çəkilib. Həmçinin fransız, ingilis dillərinin də yüksək səviyyədə tədris olunduğu söylənilib.
Görüşdə Azərbaycan multikulturalizmi haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan multikulturalizm siyasəti ilə dünyaya örnək bir ölkədir.
İraq Respublikası Nümayəndələr Şurasının üzvləri Nuruldin Hüseyin Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi çıxış edərək qarşılıqlı əlaqələrin, elmi və mədəni münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.