Ötən gün DSX quru sərhədi vasitəsilə Türkiyədən Naxçıvana girişin bütün Azərbaycan vətəndaşları üçün açıq olduğu, lakin Türkiyəyə gedişin yalnız Naxçıvan qeydiyyatında olan şəxslər üçün keçərli olduğunu açıqladı. Bu isə insanlar arasında birmənalı qarşılanmadı. Hər kəsi maraqlandıran sual budur: niyə Türkiyəyə quru yolu vasitəsilə getmək yalnız Naxçıvan qeydiyyatı olanlara şamil olunur?
Məsələ ilə bağlı AzerTimes-a millət vəkili Fazil Mustafa bildirib ki, peşəkar insanları bu məsələ təəccübləndirməməlidir.
“İranla münasibətlərin gərginləşdiyi vaxtda başqa necə variant ola bilər? Naxçıvanın Azərbaycanla yalnız bir təyyarə əlaqəsi qalır və bu əhalinin də yüzlərlə problemi olan insanı var. Bunlar hər hansı bir şəkildə İrana yaxın olduğu üçün çox vaxt oraya müalicəyə və yaxud zəruri tələbat mallarını almaq üçün gedirdi. İranla baş verən sonuncu hadisədən sonra bu qərarın verilməsi orada yaranmış çətinliyin müəyyən dərəcədə aradan qaldırılması istiqamətində atılan addımdır. Düşünürəm ki, çox doğru bir qərardır”, – millət vəkili qeyd edib.
Onun sözlərinə görə, əslində Azərbaycanın bütün quru sərhədlərinin açılması yaxşı olardı:
“Ola bilsin ki, təhlükəsizlik baxımından bəzi nüanslar var, ona görə də hökumətin qərarında bunların da nəzərə alındığını düşünməliyik. Amma Naxçıvanın düşdüyü indiki vəziyyətdə, xüsusilə də İranla gərginləşən hadisələrin fonunda mütləq Naxçıvan sakinləri üçün bu addım atılmalı idi”.