Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Cocuq Mərcanlıda yerləşən suvenir istehsalı müəssisəsində olub

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının kənd
təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi və Azərbaycanın kənd
təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində yerləşən suvenir istehsalı müəssisəsində olublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov və Türkiyə və Azərbaycan İş Adamları
və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat
müəssisə barədə məlumat veriblər. Qeyd olunub ki, suvenir istehsalı
müəssisəsi “Cocuq Mərcanlının İnkişafı” Fondu, TÜİB, KOBİA, Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə dəstəyi ilə
yaradılıb. 750 m2 ərazidə yerləşən Suvenir İstehsalı
Müəssisəsinin 418 m2–i istehsal sahəsidir. Burada əsasən
milli ornamentlərə əsaslanan hədiyyəlik saxsı qablar, kiçik ölçülü
xalçalar, əl işləri və s. məhsullar istehsal olunacaq. Müəssisədə
25 nəfər Cocuq Mərcanlı kənd sakininin işlə təmin edilməsi nəzərdə
tutulur. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzuli
Beynəlxalq Hava Limanının açılış mərasimi çərçivəsində müəssisənin
təqdimatı keçirilib. Cocuq Mərcanlı kəndində Azərbaycan və Türkiyə
tərəfindən birgə layihələrin icrası Azərbaycan-Türkiyə
qardaşlığının və əməkdaşlığının daha bir nümunəsi olmaqla, kəndin
sosial-iqtisadi inkişafında, əhalinin məşğulluğunun təmin
olunmasında və sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli
olacaqdır.

Teqlər: