Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Azərbaycanda səfərdədir (FOTO)

Azərbaycan Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər
nazirliklərinin birgə dəvəti ilə Türkiyənin kənd təsərrüfatı və
meşəçilik nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi
nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

FHN-dən Trend-ə bildirilib ki, 30 mart 2022-ci il
tarixində Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik
nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti,
əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir
Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini
ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidənin önünə
gül dəstələri qoyulub.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə
güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarətlər zamanı qonaqları Türkiyə Respublikasının Bakıdakı
fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Azərbaycan
Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant
Etibar Mirzəyev və ekologiya və təbii sərvətlər nazirinin müavini
Vüqar Kərimov müşayiət ediblər.

Daha sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar
Mirzəyev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik
nazirinin müavini Fatih Metinin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları
səmimiyyətlə salamlayan nazir müavini Etibar Mirzəyev qardaş
ölkələr olan Azərbaycanla Türkiyə arasındakı yüksələn xətlə inkişaf
edən münasibətlərin əhəmiyyətindən danışıb, bütün sahələrdə olduğu
kimi, fövqəladə halların idarə edilməsi, o cümlədən meşə yanğınları
ilə mübarizə istiqamətində də yüksək səviyyəli əməkdaşlığın
qurulduğunu diqqətə çatdırıb. E.Mirzəyev 44 günlük Vətən müharibəsi
zamanı qardaş Türkiyənin ölkəmizə göstərdiyi güclü siyasi dəstəyin
Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyini
xatırladıb.

Nazir müavini, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin fəaliyyət sahələrindən ətraflı bəhs edib, ötən ilin
iyul-avqust aylarında Türkiyədə baş vermiş meşə yanğınlarının
söndürülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirliyin yanğın-xilasetmə
qüvvələrinin qardaş ölkədə təbii fəlakətin qarşısının alınması
istiqamətində fəaliyyətini xatırladaraq, bunu ölkələrimiz
arasındakı qardaşlıq əlaqələrinin daha bir göstəricisi
adlandırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının
kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metin
fövqəladə hallarla mübarizə, o cümlədən meşə yanğınlarının
söndürülməsi istiqamətində iki qardaş ölkənin uyğun qurumları
arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin
əhəmiyyətini qeyd edib. O, həmçinin ötən ilin yayında Türkiyədə baş
vermiş yanğınların söndürülməsində Azərbaycan
yanğınsöndürən-xilasedicilərinin fədakar fəaliyyətindən danışıb,
göstərilən dəstəyə və yardıma görə cənab Prezident İlham Əliyevə və
qardaş Azərbaycan xalqına təşəkkürlərini bildirib. Qonaq, eyni
zamanda hər iki nazirlik arasında qarşılıqlı əlaqələrin inkişafına
göstərdiyi diqqətə görə Türkiyənin kənd təsərrüfatı və meşəçilik
naziri Vahit Kirişcinin adından Azərbaycanın fövqəladə hallar
naziri Kəmaləddin Heydərova təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.

Sonra qonaqlar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinin Əməliyyat zalı və Dövlət Yanğından Mühafizə Xidməti
Səbail Rayon Yanğından Mühafizə Hissəsinin fəaliyyəti ilə yerində
tanış olublar.

Teqlər: