Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin “Baykar” şirkəti yaxın illərdə ilk yerli pilotsuz hərbi təyyarəsini istehsal edə bilər.
Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Səlcuq Bayraktar “Bayraktar Akıncı” zərbə pilotsuz uçuş aparatının (PUA) Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi mərasimində deyib.
O bildirib ki, “Akıncı” PUA-sının hazırlanması üzərində işlər 4 il davam edib. Hazırda hərbi təyyarənin layihələndirilməsi üçün hazırlıqlar aparılır.
S.Bayraktarın sözlərinə görə, yeni nəsil “Bayraktar TB3” hazırkı TB2 modelindən daha böyük olacaq və hərbi gəmilərin platformasından uçuş və eniş edə biləcək: “TB3-ün ilk uçuşunu 2022-ci ildə həyata keçirmək nəzərdə tutulur”.
O əlavə edib ki, ötən gün orduya təhvil verilən “Akıncı” PUA daha uzun məsafələrə silah-sursat daşımaq gücündədir.