Türkiyənin Fırat Universitetinin nümayəndə heyəti Gəncə Dövlət Universitetinə səfər edib (FOTO)

Gəncə Dövlət Universiteti və Fırat Universiteti arasında ikitərəfli anlaşma memorandumu mövcuddur. Eyni zamanda iki universitet arasında Mevlana Proqramı çərçivəsində ayrıca bir Protokol mövcuddur ki, bu mübadilə protokolu əsasında hər iki universitetin əməkdaşları bundan yararlanmışdır.

İki universitet arasında mövcud olan əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Fırat Universitetinin əməkdaşları universitetə səfər etmişdir. Səfərdə Fırat Universitetini İdman Elmləri Fakültəsinin İdman İdarəetməsi Kafedrasından Prof. Dr. Sebahattin DEVECIOĞLU, Fənn Fakültəsinin Statistika Kafedrasından Doç. Dr. Nurhan HALİSDEMİR və İnformasiya Texnologiyaları şöbəsindən Atilla BİNGÖL iştirak edir.
Qonaqlar İnnovasiyalar departamentini ziyarət etmiş və orada startap müsabiqəsinə hazırlaşan tələbələrlə müzakirələr aparmışdır. Eyni zamanda gələcəkdə bu sahədə iki universitet arasında mümkün ola biləcək fəaliyyətlər müzakirə edilmişdir.

Görüşdən sonra qonaqlar departamentin direktoru ilə birlikdə ötən il Gəncə şəhərinə atılan balistik raketlərin düşdüyü yerə gedərək əraziyə baxış keçirmiş və Şəhidlərin xatirəsini yad etmişdir.

Sonra qonaqlar universitetin rektoru professor Yusif Yusibovla görüşmüş, görüş zamanı Fırat Universiteti rektorunun salamlarını və simvolik hədiyyəsini təqdim etmişdir. Görüş zamanı iki universitet arasında mövcud olan əlaqələr dəyərləndirilmiş və gələcəkdə həyata keçirilməsi mümkün olan fəaliyyətlər müzakirə edilmişdir. Rektorla nümayəndə heyəti xatirə şəkli çəkdirmişdir.


Daha sonra Fırat Universitetinin İdman Elmləri Fakültəsinin İdman İdarəetməsi Kafedrasından Prof. Dr. Sebahattin DEVECIOĞLU, Fənn Fakültəsinin Statistika Kafedrasından Doç. Dr. Nurhan HALİSDEMİR və İnformasiya Texnologiyaları şöbəsindən Atilla BİNGÖL İnnovasiyalar departamentində ustad dərsi təşkil edib.

Tədbirdən öncə nümayəndə heyəti Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə ilə görüşdükdən sonra gələcək əməkdaşlıqları müzakirə edib.Görüşün sonunda Fırat Universiteti rektorunun simvolik hədiyyəsini Pərvin Kərimzadəyə təqdim etmişlər.
Ustad dərsində İqtisadiyyat və idarəetmə, Pedaqoji və Riyaziyyat-informatika fakültələrinin müəllim və tələbə heyəti iştirak edib. Doç. Dr. Nurhan HALİSDEMİR iştirakçılara tətbiqi statistika haqqında ətraflı məlumat vermiş, və statistik məlumatların hazırlanması üçün tələb olunan proqram paketleri haqqında çıxış etmişdir. Çıxış zamanı əsas üstünlük SPSS proqramı haqqında olmuşdur. Çıxışçı proqramın istifadəsi və faydaları haqqında ətraflı məlumat vermişdir. Daha sonra Prof. Dr. Sebahattin DEVECIOĞLU bədən tərbiyəsi və idman elmi haqqında akademik məlumatlardan ibarət çıxış etmişdir. O, bu sahədə dünya təcrübəsini bölüşərək hazırda aktual hesab edilən mövzular haqqında informasiya təqdim edib. Sonda hər iki çıxışçı gələcəkdə birgə hansı işləri həyata keçirə biləcəkləri haqqında məlumat verib. Qonaqlar gələcəkdə bu kimi tədbirlərin davam edəcəyini qeyd edib.
Tədbirin sonunda Fırat Universiteti rektorunun simvolik hədiyyəsini departamentin direktoruna təqdim etmişlər. Departamentin direktoru isə universitet rektoru adından simvolik hədiyyəni Fırat Universitetindən gələn nümayəndə heyətinə təqdim edib.

Teqlər: