Türkiyənin “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. İdarə Heyətinin sədri “AzerGold” tərəfindən 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Daha sonra “Eti Bakır” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Şeref Cengiz rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib, şirkətin Türkiyə və regionun mis hasilatı və metallurgiya sənayesindəki öncül mövqeyindən bəhs edib. Ş.Cengiz ötən ay Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan höküməti ilə “Eti Bakır” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair imzalanmış sazişin dağ-mədən sektorunda tərəfdaşlığa mühüm töhfələr verəcəyini qeyd edib. Türkiyəli qonaq mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib.


Zakir İbrahimov müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun şanlı qələbəsi nəticəsində azad edilən Qarabağ regionunun böyük iqtisadi potensialının olduğunu, mövcud resursların dağ-mədən sektorunda ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. İdarə Heyətinin sədri “AzerGold” QSC-nin dövlət şirkəti olaraq bu sahədə dost və qardaş Türkiyə şirkətlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların öyrənilməsi, geoloji kəşfiyyat işləri, yataqların resurs və ehtiyatlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi metodologiyaları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda təcrübə mübadiləsi çərçivəsində texniki heyətlərin qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunmasına dair razılıq əldə olunub.