Türkiyənin bu təklifini İsrail yaxın buraxmaz – Akyar

Türkiyənin bu təklifini İsrail yaxın buraxmaz – Akyar

HƏMAS-ın İsrailə qarşı başladığı “Əqsa tufanı” əməliyyatı həm miqyası, həm zamanı, həm də mülki insanlara münasibət baxımından dünyanı şoka saldı. Baş verənlər yenidən Türkiyənin vasitəçilik məsələsini gündəmə gətirib. Hücum başlayan ilk andan etibarən Türkiyə həm dövlət başçıları, həm də xarici işlər nazirləri səviyyəsində çoxsaylı danışıqlar aparıb. Bir çox dövlət sülh üçün vasitəçi olmaq istəyir, lakin əsas məsələ döyüşən tərəflərin nə istəməsidir.

Bu sözləri AzerTimes-a Fələstin-İsrail müharibəsində Ankaranın tərəflər arasında vasitəçi olma ehtimalı haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.

Alim İsrailin müxtəlif səbəblərə görə müəyyən müddət heç bir dövlətin vasitəçilik təklifini qəbul etməyəcəyini bildirib:

“Dünən cənab Ərdoğan həm Mahmud Abbas, həm də İshaq Hersoqla telefon danışığı zamanı hazırkı ağır vəziyyəti müzakirə etdi. Hazırda Ankara və Təl-Əviv arasında normallaşma prosesi var, eyni zamanda Fələstində xalqın Ərdoğana qarşı simpatiyası var. Ona görə də bir çox ölkə Türkiyəni regionun böyük dövləti olaraq təbii vasitəçi kimi görür. Digər tərəfdən Ankara və Qahirənin birlikdə tərəflər arasında vasitəçilik edə biləcəyi ehtimalı da mövcuddur. Ancaq şiddətli döyüşlərin yeni başladığı və getdiyi məqamlarda qeyri-müəyyənlik olur. Danışıqların başlaması üçün isə proseslərin inkişaf istiqaməti hansısa bir məcraya oturmalıdır. HƏMAS İsrailə hücum edib, ciddi itkilər var. İsrailin keçmişinə, beynəlxalq sistemdəki nüfuzuna və s. faktorlara nəzər saldığımız zaman hələlik hansısa bir vasitəçilik missiyasını qəbul edəcəyini düşünmürəm. Fikrimcə, Təl-Əviv ancaq əsirlər və cəsədlər haqqında məlumat toplanılması, onların dəyişdirilməsi kimi məsələlərdə vasitəçilik təklifini qəbul edə bilər. Amma bu addımı da yalnız vaxt qazanmaq məqsədi daşıyacaq. Yəni İsrailin nöqteyi-nəzərindən indiki məqamda Türkiyə və hansısa digər dövlətin vasitəçi rolunda çıxış etməsi məqbul sayılmır. Bəs İsrail nə vaxt vasitəçilik missiyasını qəbul edəcək? Məncə, İsrail cavab olaraq böyük bir hücuma keçəcək. Yalnız qarşı tərəfin çoxsaylı itkilərindən sonra dünyada da etirazlar başladığı zaman vasitəçilik məsələsinə müsbət yanaşa bilər”.

Teqlər: