Hakan Fidanın Çində Türkiyənin BRİKS-ə üzv olmaq istədiyini deməsi Qərbin nöqteyi-nəzərindən ayrılma, Avrasiyaya yönəlmə kimi qəbul edilə bilər. Amma buna çoxqütblülüyün nəticəsi kimi baxmaq lazımdır.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
Alim BRİKS-in fəaliyyət bölgəsinin Türkiyə üçün yeni imkanlar aça biləcəyini qeyd edib:
“BRİKS-in özünün də içərisində Rusiya, İran və Çindən başqa Qərb ölkələri ilə əlaqələri yaxşı olan üzvlər var. BRİKS qurularkən qəbul edilən əsas prinsiplərdən biri bütün ölkələrə bərabər məsafədə dayanmaq olub. Təşkilatın fəaliyyət dairəsi 3-3,5 milyard insanın yaşadığı bölgələri əhatə edir. Ona görə də Türkiyə də təşkilata maraq göstərir. Bu da təbiidir. Əlbəttə ki, iqtisadi münasibətlər nəticə etibarilə hərbi və siyasi əlaqələrin də yaxınlaşmasına təsir edir. Lakin indiki məqamda NATO, AB və digər bir sıra təşkilatlardan fərqli olaraq BRİKS-də əsasən iqtisadi məsələlər ön plandadır. Çoxqütblülük ölkələrə daha rahat hərəkət etmək imkanı verir. Ona görə də gedən proses dünyanın çoxqütblülüyə meyil etməsinin təzahürüdür”.
Akyar bir neçə il sonra güclənəcək Qərb-Çin qarşıdurmasına görə Türkiyənin ehtiyatlı davranmasının son dərəcə vacib olduğunu bildirib:
“Ancaq 2030-cu ildən sonrakı mərhələni diqqətə almalıyıq. Çünki NATO-nun da strateji planında qeyd olunduğu kimi, bu mərhələdən etibarən Çinlə mübarizədə daha konkret addımlar atılacaq. 2018-ci ildən başlayan ABŞ-Çin iqtisadi mübarizəsi, ABŞ-dan verilən açıqlamalar da bunu sübut edir. ABŞ Çinin “Bir kəmər bir yol” layihəsinə qarşı İMEC layihəsini irəli sürüb və BRİKS-in üzvü olan Hindistan da əsas fəaliyyət mərkəzi kimi seçilib. Digər tərəfdən İsrailin Rəfahda törətdiyi əməllər və Qərb ictimaiyyətindən fərqli olaraq hökumətlərin baş verənlərə səssiz qalması Türkiyəni belə addımlar atmağa istiqamətləndirə bilər. Bu isə bizə yaxın günlərdə yeni hadisələrin baş verəcəyini deməyə əsas verir”.
Qeyd edək ki, Hakan Fidan Türkiyənin BRİKS-ə üzv olmaq istədiyini bildirib.