Türkiyəli rektorlar İlahiyyat İnstitutunda olub (FOTO)

Türkiyənin Konya Teknik Universitetinin rektoru Babur Özçelik və
Necmeddin Erbakan Universitetinin rektoru Cem Zorlu Azərbaycan
İlahiyyat İnstitutunun (Aİİ) qonağı olublar.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, onları
ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib.
İnstitut haqqında geniş məlumat verən rektor bildirib ki, ali
təhsil müəssisəsinin yeni binasında tələbələr üçün lazımi şərait
yaradılıb. Qeyd edib ki, ölkənin yeganə ali dini təhsil verən
müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam
ödənişsizdir. Bu il ilk dəfə ali təhsil müəssisəsinin məzun
verəcəyini vurğulayan A.Şirinov nəzərə çatdırıb ki, ilahiyyat
sahəsində əsas biliklərə yiyələnən, eyni zamanda, dünyəvi elmlərə
yaxından bələd olan kadrlar hazırlamaq Aİİ-nin qarşısında duran
məqsədlərdəndir.

Türkiyəli rektorlar səmimi qarşılanma və ali təhsil müəssisəsi
haqqında geniş məlumat üçün təşəkkürlərini bildiriblər. Onlar
təmsil etdikləri qurumlar haqqında məlumat verərək, əməkdaşlıq
əlaqələrinin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı
münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş
nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və
möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri,
qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam
edib.

Teqlər: