Türkiyəli psixoloqlar müharibədən zərər çəkən 300-ə yaxın şəxsə yardım göstərib

Xəbər - Samir Əli – Trend:

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib.

FHN-in Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bugünədək 300-ə yaxın şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin psixoloqları tərəfindən Vətən müharibəsi zamanı cəbhəyanı zonada, habelə erməni terrorunun hədəfi olmuş şəhər və rayonlarda əhaliyə yerində psixoloji yardımın göstəriliməsi təmin edilib. Belə ki, psixoloqlarımız şəhid ailəsi üzvlərinə, yaralılara, mərmi və raket zərbəsinə hədəf olmuş evlərin sakinlərinə və müvəqqəti təxliyyə olunmuş çoxsaylı vətəndaşa baş çəkərək onlara psixoloji və mənəvi dəstək olublar.


Həmçinin, ötən ilin aprel ayından etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə yeni növ koronavirusun (COVID-19) səbəb olduğu pandemiyadan psixoloji sarsıntı keçirən vətəndaşlara təcili psixoloji yardım təşkil olunub. Ötən dövr ərzində 2000-dən artıq vətəndaş müvafiq psixoloji yardım alıb.

Xatırladırıq ki, ödənişsiz psixoloji yardım almaq üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng etmək lazımdır.

Teqlər: