2022-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana
məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə
azalıb.
AzerTimes-ın məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən
(İŞKUR) bildiriblər.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş
axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-aprel ayları ilə
müqayisədə 77,8 faiz azalıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana İŞKUR
vasitasilə iş tapmaq üçün iki Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 5 560 nəfər Türkiyə vətəndaşı iş
tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin
yanvar-aprel ayları ilə müqayisədə 45,9 faiz çoxdur.
“Bu ilin aprel ayında İŞKUR vasitəsilə Türkiyədə 139 min 443
nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 62,6 faizi
kişi, 37,4 faizi isə qadındır. Aprel ayında Türkiyədə işsiz sayı
3,538 milyon nəfər təşkil edib ki, bu da keçən ilin aprel ayı ilə
müqayisədə 1,4 faiz azdır”, – deyə İŞKUR-dan bildirilib.