Türkiyədən Azərbaycana daha çox sərmayəçi cəlb oluna bilər və bunun üçün əlimizdən gələni edəcəyik.
Bunu AzerTimes-a MUSİAD Azərbaycanın Prezidenti Əbdürrəhman Uzun deyib. O qeyd edib ki, Azərbaycanda olan münbit biznes şəraiti hər zaman türkiyəli investorların maraq dairəsində olub.
“MUSİAD olaraq, biz Türkiyədən Azərbaycanın fərqli bölgələrinə, xüsusən də,
Işğaldan azad edilən bölgələrə sərmayeçi cəlb etmək istəyindəyik. Lakin, karantin şərtləri ilə əlaqədar daimi və ya müvəqqəti yaşayış icazəsi olmayan xarici vətəndaşların ölkəyə gəlməsi qadağandır. Xüsusi məqsədlər üçün gələn əcnəbi şəxslər isə xüsusi prosedurla icazə aldıqdan sonra ölkəyə gələ bilirlər. Bu isə bəzən vaxt itkisinə səbəb olur” – deyə, Uzun bildirib.
O qeyd edib ki, bu gün sərmayəçilərin asan şəkildə ölkəyə girişi, iqtisadiyyatın güclənməsi ilə yanaşı, yerli iş adamlarının da maraq dairəsindədir və buna ehtiyac var.
O əlavə edib ki, türkiyəli sərmayəçilərin Azərbaycanda avantajları olduqca çoxdur və bunlardan başlıcası iki ölkə arasında olan münasibətdir.
MUSİAD Azərbaycanın Prezidenti onu da bildirib ki, Azərbaycanın iqtisadi rifahı heç şübhəsiz ki, Türkiyə üçün qürurvericidir. Onun sözlərinə görə, Azərbaycan Türkiyə münasibətləri bu gün yüksək səviyyədədir və bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
“Azərbaycan-Türkiyə münasibətləri dünyaya nümunədir” – deyə, Uzun qeyd edib.