Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verir

Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verir

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

AzerTimes xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluğunda 53 və 54, Qarsdakı baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ümumiyyətlə hazırda Türkiyədə olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər.

Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub.

Diplomatik nümayəndəliklərimizin əhatə dairələrində azərbaycanlıların seçki məntəqələrinə rahat gəliş-gedişini təmin etmək üçün xüsusi avtobus səfərləri təşkil olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Teqlər: