Türkiyədəki seçkini fürsət bilib, Azərbaycana qarşı… – General

Türkiyədəki seçkini fürsət bilib, Azərbaycana qarşı… – General

Artıq 10 noyabr bəyannaməsinin imzalanmasından 29 ay keçir. Keçən müddət ərzində Ermənistan Azərbaycanın xoş niyyətini anlamadı, başda İran olmaqla, gah Avropaya, gah ABŞ-a, gah da başqa güclərə maşalıq edərək sülh müqaviləsi imzalanmasına imkan vermədi.

Bu sözləri AzerTimes-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz son proseslər haqda danışarkən deyib.

General Ermənistanın İranla koordinasiyalı şəkildə hərəkət etdiyini bildirib:

“Rəsmi İrəvan gördüyü beynəlxalq hüquqa zidd işlərin əksəriyyətini İranla koordinasiyalı şəkildə aparır. Son dövrlərdə Ermənistana yüksək səviyyəli İran rəsmilərinin səfərlərinin artması, aparılan danışıqlar və verilən mesajlar da bunu göstərir. SEPAH-ın müxtəlif təhdid videoları yayımlaması da Azərbaycana qarşı aparılan hibrid müharibənin fərqli bir formasıdır. Bütün bunları dövlət olaraq qeyd etdiyimizi də bildirmək istəyirəm”.

Yücel Karauz Türkiyənin Şuşa Bəyannaməsinin şərtlərinə uyğun şəkildə addımlar atmaqda tərəddüd etməyəcəyini vurğulayıb:

“Hazırda dünyanın bir çox yerində – Suriyada, Baltikyanı bölgədə, Qara dənizdə və qonşumuz Gürcüstanda müxtəlif hadisələr cərəyan edir. İki gün öncə Rusiya Qara dənizdə böyük təlim keçirdi. Dolayısı ilə revanşist qüvvələr də dünyada mövcud olan xaotik vəziyyətdən faydalanaraq vaxt qazanmaq yolu ilə məsələni daha da uzatmaq istəyirlər. Əlbəttə, bunu qəbul etmək mümkün deyil. Cənab İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa və 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərini yerinə yetirməsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq. Türkiyədəki seçkiləri fürsət bilənlər və Azərbaycanı təklədiklərini zənn edənlər çox yanılırlar. Türkiyədə seçkilərdə və ondan sonra nə baş verirsə versin, dövlətimiz ehtiyac yarandığı anda Şuşa Bəyannaməsinin tələblərinə uyğun şəkildə hərəkət etməkdən çəkinməyəcək. Heç nə, heç bir şey Şuşa Bəyannaməsindəki qardaşlıq ruhuna xələl gətirə bilməz”.

Teqlər: