Türkiyədə ölkənin 58-ci hava limanı açılır

Bu gün Türkiyənin şimal-şərqində ölkənin 58-ci hava limanının
açılışı olacaq.

Trend xəbər verir ki, Rize-Artvin adlı hava limanının açılışında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan yeni hava limanı Pazar
rayonunda yerləşir – Rize şəhərindən 34 kilometr, Hopa şəhərindən
54 kilometr, Artvin şəhərindən isə 125 kilometr aralıda.

Hava limanının uçuş-enmə zolağının eni 45 metr, uzunluğu isə 3
kilometrdir və dəniz sahili üzərində tikilmiş ölkənin ikinci ən
uzun zolağıdır.

Rize-Artvin hava limanı ildə 3 milyona yaxın sərnişinə xidmət
göstərəcək.

Hava limanının qapalı sahəsi 47 min kvadratmetrdir.

Hava limanının avtoparkı 448 avtomobil üçün nəzərdə tutulub.

Hava limanının ərazisində Çaykur muzeyi də fəaliyyət göstərir və
burada hər kəsə Türkiyə çayının faydaları haqqında məlumat
veriləcək. Ərazidə kiçik çay fabriki də var.

Türkiyə hökumətinin qərarı ilə Rizə-Artvin hava limanı
beynəlxalq hava limanı statusu alıb.