Azərbaycan vətəndaşları Türkiyənin ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayına görə ikinci yer tutur.
AzerTimes Türkiyə Ali Təhsil Şurasının məlumatlarına istinadla xəbər verir ki, 2023/2024-cü tədris ilinin sonuna qardaş ölkənin universitetlərində 40354 azərbaycanlı təhsil alıb ki, bu da Türkiyədə əcnəbi tələbələrin ümumi sayının 12 faizini təşkil edib.
Ölkədə xarici tələbə sayına görə suriyalılar (60 750 tələbə) çoxluq təşkil edir. İlk üçlüyü isə Türkmənistan (29126 tələbə) tamamlayır.
Ümumilikdə isə ötən tədris ilində Türkiyədə 336 306 əcnəbi tələbə təhsil alıb.
“Cümhuriyyət” nəşri bildirib ki, hələ on il əvvəl Türkiyədə tələbələrin sayına görə ilk üçlükdə Türkmənistan, Azərbaycan və İran yer alıb.
“2013-cü tədris ilində Türkiyə universitetlərində Türkmənistandan 6941, Azərbaycandan 6901, İrandan 4343 vətəndaş təhsil alıb. Eyni zamanda, liderlər onluğuna iki Avropa ölkəsi daxil olub ki, onların yerini bu gün Afrika dövlətləri tutur”, – deyə bildirib.