Türkiyədə mobil xidmət neçəyədir? – Müqayisə

Türkiyədə mobil xidmət neçəyədir? – Müqayisə

Azərbaycanda mobil xidmət sahəsində ilk təşəbbüslərdən biri də Türkiyə şirkətlərinə aiddir. Ona görə də ölkəmizin qardaş ölkə ilə bu sahədə də müqayisəsi qayət normaldır.

AzerTimes Yenipress.az-a istinadən xəbər verir ki, Türkiyədə “bərkgedən nömrə” anlayışı yoxdur: Bakıda məşhur olan, “ağlar”ın fərqlənmə nişanı kimi istifadə etdiyi “211” tipində bir anlayışı hər halda müşahidə etmədik.

Güzgülü nömrələrə fantastik qiymət qoyulması və onun üstündə “qırğınlar” haqda da eşitmədik. İnsanlar qismətlərinə çıxan istənilən rəqəmlərin konfiqurasiyasından ibarət nömrəni həvəslə istifadə edirlər.

Əsasən, “Türksell”, “Türktelekom” və “Vodafon” operatorlarından istifadə edirlər (bizdəki “üç bacı” kimi) – bəlkə də başqa məşhur operatorlar var, ancaq ən çox adı hallanan və ofisləri olan xüsusilə bu üçlükdəki ilk iki operatordur.

Ən münasib qiymətlər və paketlər “Türktelekom”dadır – “Türksell”ə ciddi rəqabət aparır. “Türksell” əvvəllər “hər yerdə tutması ilə” tanındığı üçün qiymətlərini də yüksək edib – eynilə bizdəki kimi. Hazırda “Türktelekom”un əhatə dairəsi də rəqibindən qəti geri qalmır.

“Türktelekom”da yeni nömrənin qiyməti 185 lirədir (təxminən 18 manat). “Özəl nömrə” istəyərsənsə, onda qiymət 240 lirəyə (22 manat civarında) qalxır. Əgər istədiyin rəqəmlər “özəl nömrə”də də yoxdursa, onda maksimum 300 lirəyə (28 manat) “güzgülü nömrə” əldə edə bilirsən.

“Güzgülü nömrə” Azərbaycanda adət etdiyimiz kimi, əvvəldən sona qədər eyni və ya cüt nömrələrin düzülüşü deyil: operatorun ilk rəqəmləri özlərinə məxsusdur, son 4 rəqəmi seçmək imkanın var. Bu seçim adi qaydada da verilir, yalnız “adi”də istədiyin çıxmazsa, onda “özəl”ə müraciət edə bilərsən.

İlk baxışda qiymətlərin Azərbaycandan baha olduğunu düşünə bilərsiniz. Ancaq elə deyil.

Seçdiyin nömrəyə bir aylıq paket də daxildir. Paket isə budur: 750 dəqiqə pulsuz danışıq, 750 SMS və 20 Gb internet paketi.

Türkiyədə aldığın aylıq internet paketi bitib-tükənmir: bütün günü video izlə, ətrafına qoşulma üçün şərait yarat və s. – nə istəyirsən et, internet tükənmir. Nədənsə Azərbaycanda mobil operatorların internet paketləri “uçur”, hətta istifadə etməyəndə, ancaq internetə qoşulu olanda da xərclənir.

Paketi götürəndən 6 dəqiqə sonra, istifadə etmədiyin halda, telefonun qapalı olanda belə 1 Gb internet yalnız Azərbaycanda yoxa çıxa bilər və bunu operatora izah edə də bilməzsən: üzünə keçəcək ki, yəqin “ağır bir zad” endirmisən, ona görə də 6 dəqiqəyə paketin bitib – çox inad etsən, kosmosa peyk buraxdığını da boynuna qoya bilərlər.

Türkiyəyə səfər edərkən bir neçə gün qalarsınızsa, rominq xidmətindən istifadə yalnız sizin talanmağınıza səbəb ola bilər. Məsələn, “Türksell”in ”bacısı” 14 günlük, 1 Gb interneti rominqdə 20 manata satır. Əmin olun, o paket də ənənəvi qaydada “uçur”: video açmasan, ağır səhifələrə girməsən, iki gün zorla görəcək. 3 gün müddətində istifadə edə biləcəyiniz 400 mb internet paketi 12 manat (səhər yükləsəniz, günortaya bitəcək), 100 mb-lıq birgünlük paket 4 manatdır. Paket bitən kimi “tarifinizə uyğun” hesablanır və balansınız “sorulur”.

Ortalama 4-5 gün səfərdə olarsınızsa, təxminən 50 manat civarında rominq internetə və rominq xidmətə xərcləmiş olacaqsınız. Bu bu zaman telefon və internetdən doya-doya da istifadə etməyəcəksiniz. Bəs, 18 manata yeni nömrə, 750 dəqiqə və bitib-tükənməyən 20 Gb-yə nə deyirsiniz?

Paketin aylıq təkrarlanması isə 57 lirədir – təxminən 5 manat 20 qəpik. Bu məbləği ödəməklə ayda yenidən 750 dəqiqə, 750 SMS və 20 Gb əldə edirsiniz.

“Türksell” isə iki dəfə bahadır – onun aylıq paketinin yenilənməsi 110 lirə civarındadır.

Teqlər: