Dünən Türkiyədə keçirilən seçki çox maraqlı nəticələri ilə tarixə keçdi. Fikrimcə, bu seçkiləri uduzan Cümhur İttifaqı içərisində müzakirələr yaşanacaq.
Bu sözləri AzerTimes-a Türkiyədə keçirilən bələdiyyə seçkisinin nəticələri haqqında danışan Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.
Professor milliyətçilərin səslərinin azalmasını AKP-nin məğlubiyyətinin əsas səbəbi kimi göstərib:
“Nəticələrdən də məlum olur ki, seçkidə türk milliyətçiləri öz partiyalarının direktivləri əsasında deyil, hər vilayətin öz konyekturasına görə səslərini veriblər. MHP Manisa Böyükşəhər Bələdiyəsini itirdi, qalib gəldiyi vilayətlər də çox kiçikdir. Ədalət və İnkişaf (AKP), MHP, İYİ və Zəfər partiyaları bu seçkidə məğlub oldu. Böyük Birlik Partiyası isə Sivasda qalib gələrək az da olsa, təsəlli tapdı. Milliyyətçi partiyalarda idarəçiliyə qarşı formalaşan müxalifət AKP-nin məğlubiyyətinə səbəb oldu. Prezident seçkilərində milliyyətçilərin səsləri 25% idisə, dünən bu 10%-ə düşdü”.
Həsən Oqtay Mansur Yavaşın dörd il sonra keçiriləcək prezident seçkilərində namizəd olacağı təqdirdə seçilmə şansının artdığını bildirib:
“Qarşıdakı dövrdə adlarını sadaladığımız partiyalarda ciddi dəyişiklik yaşanacaq. Cümhuriyyət Xalq Partiyasının uğurunu isə yalnız Özgür Özəlin adına yazmaq olmaz. Çünki iqtisadi problemlərdən əziyyət çəkən seçici çıxış yolu kimi müvəqqəti olaraq CHP-yə istiqamətlənib. 28 mayda keçirilən seçkilərin nəticələri ilə indiki nəticələri müqayisə etdiyimiz zaman bu daha yaxşı başa düşülür. Əslində bu seçkidə 2028-ci ildə keçiriləcək prezident seçkilərinin də şifrələri üzə çıxdı. Belə ki, Əkrəm İmamoğlu İstanbulda qalib gəlsə də, onun rəqibi ilə arasında fərq təxminən 10 faizdir, Ankarada isə Mansur Yavaş nəticələrə görə öz rəqibindən 30% irəlidədir. Bu o deməkdir ki, xalq artıq İstanbuldan bir siyasətçinin bələdiyyədən çıxıb Türkiyəni idarə etməsini istəmir. Yəni Mansur Yavaşın prezidentliyə şansı daha çoxdur.
Fikrimcə, 2028-ci il prezident seçkilərinin indidən müzakirə edilməsi bizi qarşıda qaynar siyasət gündəminin də gözlədiyini göstərir”.