AĞ Partiyanın sədri Tural Abbaslının bir müddət öncə çıxışlarının birində Türkiyədə bu il baş tutacaq prezident və parlament seçkilərində Azərbaycanın AKP-yə dəstək verməli olduğunu deməsi qardaş ölkədə böyük maraqla qarşılanmışdı. Azərbaycan Türkiyədəki seçkilərə necə qarışa bilər? Bu, qardaş ölkə də olsa, digər ölkənin daxili işinə müdaxilə deyilmi?
Məsələ ilə bağlı AzerTimes-a açıqlamasında Tural Abbaslı bunun Azərbaycan maraqları naminə olduğunu bildirdi.
“Ən azından 2-ci Qarabağ müharibəsində biz hazırki Ərdoğan iqtidarının Azərbaycanın yanında və hansı formada durduğunu gördük. Bu baxımdan biz uğurların davamı və Azərbaycanın qarşısında duran hədəflərə çatması üçün AKP-nin və Ərdoğanın yanında olmalıyıq. Əlbəttə, hər bir dövlətin daxili siyasəti var və digər dövlətlərin bu siyasətə müdaxiləsi yolverilməzdir. Burada təbii ki, söhbət mənəvi və siyasi dəstəkdən gedir. Məsələn, Türkiyə seçicisi görməlidir ki, Azərbaycan xalqı, siyasi elitası, iqtidarı Ərdoğandan razıdır, bu iqtidarı türk birliyi üçün önəmli sayır, önəmli görür və onu dəyərləndirir. Mən əminəm ki, Azərbaycanın və onun siyasi kəsiminin və iqtidarının bu formatdakı mesajları, təbliğatı Türkiyə ictimaiyyətinə də, seçicisinə də təsir edəcək”, – Abbaslı bildirib.
Partiya sədrinin sözlərinə görə, mesajlar formasında Türkiyə seçicisinə dəstək olunmalıdır:
“Biz hər dəfə AKP-nin Türkiyədə iqtidarda qalmasını Azərbaycan maraqları daxilində olduğunu bildiyimiz üçün demək olar ki, bütün strateji seçimlərdə AKP-yə dəstək mesajları vermişik.
Mən demirəm bizim mesajlar sayəsində seçkinin taleyi dəyişib, amma hər halda hərə öz çapında dəstək verməlidir. Azərbaycan Prezidentinin müsahibələrində, çıxışlarında bu istiqamətdə çıxışlar etməsinin özü də AKP və Ərdoğan üçün böyük dəstəkdir. Onsuz da İlham Əliyev müxtəlif çıxışlarında Türkiyəyə, Ərdoğana, onun siyasi rəhbərliyinə təşəkkür edir. Hazırki məqamda belə çıxışlar türk seçicisinin düzgün seçimi üçün çox önəmlidir”.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə qeyd etdi ki, Türkiyə dövlətinin daxili işlərinə qarışacaq addımlar atılmamalıdır:
“Təbii ki, bizim hər hansı siyasi liderə böyük rəğbətimiz ola bilər. Xüsusilə də 44 günlük müharibədə Rəcəb Tayyib Ərdoğanın ölkəmizə verdiyi dəstəyi xalqımız əvəzsiz addım kimi qiymətləndirir. Türk xalqının seçiminə də Azərbaycan insanı hörmətlə yanaşacaq. Təbii ki, bizim rəğbət bəslədiyimiz şəxsin prezident seçilməsi ürəyimizdən olar. Ancaq Türkiyə dövlətinin daxili işlərinə qarışacaq addımlar ata bilmərik”.