Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Ötən gecədən başlayan leysan bu gün də davam edir. Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.
Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.
Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.