Türkiyədə əməliyyat olunan yanğınsöndürənimizin səhhəti yaxşılaşıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda meşə yanğınlarının söndürülməsi zamanı ayağı sınan 23 yaşlı yanğınsöndürənimiz Elnur Əliyevin səhhəti yaxşılaşıb.

AzerTimes Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Marmaris Dövlət Xəstəxanasından bildirilib. Avqustun 3-ü əməliyyat olunan E.Əliyevin ayağına platin və mil qoyulub.

Əməliyyatı həyata keçirən ortopediya və travmatologiya üzrə mütəxəssiz Mutlu Güngür Elnur Əliyevin sağaldığını və onu təxliyə etməyi düşündüklərini bildirib. Qeyd edib ki, ayağa qoyulan gips daha 3 həftə qalacaq və çıxarıldıqdan sonra fiziki müalicə ilə yavaş-yavaş yeriməyə başlaya bilər. Zamanla əvvəlki sağlamlığına tam qovuşacaq.

Elnur Əliyev təxliyə olunduqdan sonra briqadaya qayıdacağını deyib: “Dövlət başçımız tapşırıq verdi, “qardaş ölkəmiz yanır, dəstək lazımdır” dedilər. Biz də hazırlaşıb bura gəldik. Türk qardaşlarımıza yardım etmək borcumuzdur. Həmkarlarım bölgədə çalışır. Təəssüf ki, mən buradayam. İnşallah sağalan kimi mən də oraya gedəcəyəm. Əlimdən nə gəlirsə, etmək istəyirəm. Bu yanğını söndürmədən buradan getməyəcəyik. Dəstək də gəlir. İnşallah bu yanğını söndürəcəyik və siz də rahat nəfəs alacaqsınız. Türkiyə həkimlərinə minnətdaram. Çox yaxşı müalicə etdilər”.

Twitter:@cingizsafarli

Teqlər: