Türkiyədə bir il ərzində 1,1 mindən artıq terrorçu zərərsizləşdirilib

Son bir ildə Türkiyədə keçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvü, o cümlədən terrorçuların 84 lideri zərərsizləşdirilib.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Daxili İşlər Nazirinin müavini və nazirliyin mətbuat katibi İsmayıl Çataklı deyib.

İ.Çataklı xatərladıb ki, PKK terror təşkilatı 40 ildir ki, ölkə ərazisində silahlı hücumlar həyata keçirir. Onun sözlərinə görə, hazırda dağlarda 156 terrorçu gizlənir.

DİN rəhbərinin müavini qeyd edib ki, Türkiyə bütün terror qruplaşmalarına qarşı uğurla mübarizə aparır.


“Əvvəllər ildə 5 min nəfər terrorçuların sıralarına qoşulsa da, onlar istədiklərinə nail ola bilmirdilər. İndi onların sayı 156-dan da azdır və sözsüz ki, məqsədlərinə çata bilməyəcəklər. Biz də, onlar da bunun fərqindədirlər”, – deyə nazir müavini bildirib.

İ.Çataklı bildirib ki, 2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib ki, bunun da 19 162-si iri şəhərlərdə, 124 159-u isə kənd yerlərində baş tutub.

O, əlavə edib ki, 2021-ci ildə həyata keçirilən əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.