Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında…

Müəllif: Rəhman Hacıyev
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri

Qarabağ bərpa edilərək əvvəlkindən DAHA DA GÖZƏL VƏ YAŞIL olmalıdır! Bu, bizim mənəvi borcumuzdur.

İndi isə bu barədə bəzi fikirlərimi bir-bir yazacağam.

Bazar ertəsi, avqustun 2-də Böyük Britaniyanın “The Guardian” nəşri Türkiyə hakimiyyətinin dünya ictimaiyyətini on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə onlara yardım etməyə çağırması barədə xəbər dərc edib.

Çərşənbə axşamı, avqustun 3-də isə Türkiyənin “Daily Sabah” nəşri meşələri bürüyən alovla mübarizədə dost və müttəfiqlərinin Türkiyəyə kömək etdiklərinə dair xəbər dərc edib. Artıq dəstək göstərən ölkələr arasında qardaş Azərbaycan, Rusiya, Ukrayna, İran, Xorvatiya və İspaniya var.

KİV-in məlumatına görə, bu siyahıda Avropa İttifaqı yoxdur. Fransa və Yunanıstan isə yardım etməkdən imtina ediblər.

Halbuki “Köhnə dünya” və Yaxın Şərq arasında bufer rolunu oynayan və müharibənin dəhşətlərindən qaçan qaçqın axınının qarşısını alaraq, uzun illər Avropa İttifaqına böyük dəstək göstərən məhz Türkiyə olmuşdur.

“Sivil Qərbin” bu cür münasibəti kimisə təəccübləndirə bilər, amma məni yox.

Bundan bir neçə həftə əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistana 2,6 mlrd. avro məbləğində maliyyə dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib.

Eyni zamanda, KİV-in məlumatına görə, yaxın 5 il ərzində Aİ Azərbaycana 150 mln. avroya yaxın vəsait ayırmağı planlaşdırır. Yəni təxminən 17 dəfə az.

Bütün bunları niyə yazıram?

Ona görə ki, biz bu dünyada ilk növbədə özümüzə arxalanmalıyıq.

Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər.

Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb.

İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20%-ni qırıblar. Bunlar sadəcə inanılmaz rəqəmlərdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, zərər çəkmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var.

Ancaq, deyəsən, işğal illərində meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib.

44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha bir böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi.

Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın.

20 ildən artıq olan bu uzun müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi?

Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotraffikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, öz ətrafına yüz minlərlə mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi.

Biz işğalın nəticələrinin aradan qaldırılmasında həmin “səssiz müşahidəçilərin” dəstəyinə ümid bəsləyə bilərikmi?

Mən buna şübhə edirəm.

Deməli, biz ilk növbədə özümüzə arxalanmalıyıq. Şükürlər olsun ki, dövlətimizin xarici donorlardan kömək gözləmədən bu işə başlamaq üçün kifayət qədər resursları var.

Ancaq burada biz sadə bir həqiqəti dərk etməliyik – erməni işğalçılarının Qarabağa vurduğu zərər həddindən artıq böyükdür!

Söhbət onlarla yaşayış məntəqəsindən – yer üzündən silinmiş kənd, qəsəbə və şəhərlərdən gedir.

Söhbət bu torpaqları yaşayış və qayıtmağımız üçün tamamilə yararsız hala salmaq məqsədilə dağıdılmış və ya tamamilə məhv edilmiş minlərlə evdən və tarixi abidələrdən gedir.

Söhbət qırılaraq Ermənistana aparılmış yüz minlərlə gözəl ağacdan, o cümlədən endemik ağaclardan gedir.


Söhbət faydalı qazıntıların amansızcasına hasil edilməsi nəticəsində yaranan zəhərli maddələrin atılması üçün istifadə olunan minlərlə hektar ərazidən gedir.

Bir sözlə, söhbət İkinci Dünya müharibəsi zamanı nasist işğalının fəsadları ilə müqayisə edilə biləcək zərərdən gedir.

Mənə tez-tez sual verirlər: “Qarabağa nə vaxt qayıda biləcəyik axı?”

Mən dəqiq tarixi bilmirəm, amma bir şeydən tam əminəm ki, əgər biz Qarabağın bərpası prosesini SÜRƏTLƏNDİRMƏK istəyiriksə, bu müqəddəs missiyada dövlətimizi dəstəkləməliyik.

Bunun üçün bizim Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış müvafiq platformamız var – Qarabağ Dirçəliş Fondu.

Fonda ianə (donation) etməklə, hər birimiz Qarabağın bərpasına öz töhfəmizi verə bilərik.

Bu, niyə təhlükəsizdir?

Bunun bir neçə səbəbi var. Onlardan sadəcə bir neçəsi:

– Fond hər il dövlət başçısına öz fəaliyyəti barədə hesabat təqdim edəcək və bütün xərcləri ilə bağlı ona hesabat verəcəkdir,

– Fond həmçinin hər il ictimaiyyət qarşısında hesabat verəcək, görülən işlər və xərclənmiş vəsaitlər barədə ictimaiyyətə məlumat verəcəkdir,

– Fond hər il beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılacaq və auditorların rəyini dərc edəcəkdir,

– Fond yığılan ianələrin bir qəpiyini də öz inzibati xərcləri (əməkhaqqı, ofis icarəsi və s.) üçün xərcləmir və xərcləməyəcəkdir.

Bu, bizim Müşahidə Şuramız tərəfindən təsdiq edilmiş prinsipial mövqeyimizdir (bu barədə tezliklə daha ətraflı yazacağam).

Ona görə də bu yazını yekunlaşdırarkən yaşadığı ölkədən asılı olmayaraq bütün qardaş və bacılarımıza müraciət etmək istərdim: əgər siz Qarabağın, onun gözəl, sıx meşələrinin, tarixi abidələrinin, ev, məktəb və xəstəxanalarının bərpası prosesini sürətləndirmək istəyirsinizsə, bu prosesə öz töhfənizi verərək dövlətin səylərini dəstəkləyin.

Bunun üçün cəmi bir neçə kliklə Qarabağ Dirçəliş Fonduna ianə köçürmək kifayətdir.

Hər qəpik dəyərlidir!

PS:

Erməni işğalçılarının Qarabağa vurduqları ziyan barədə ətraflı məlumatı Karabakh.Center saytında (üç dildə) oxuya bilərsiniz:

Cinayət

Преступная деятельность

Crime

Ermənilər tərəfindən dağıdılmış minlərlə ev, abidə, qəbiristanlıq və görməli yerin fotoşəkillərinə Karabakh.Center saytında (üç dildə) baxa bilərsiniz:

Urbisid

Урбицид

Urbicide

https://www.youtube.com/watch?v=nSVgxTQV_V4&feature=emb_title

Teqlər: