Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb

Türkiyənin Radio və Televiziya Üst Qurulu (RTÜK) Azərbaycan diaspor təşkilatının müraciəti əsasında Kudüs TV-ni cərimələyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədri Ədalət Turanın “Kudüs TV” adlı Türkiyə telekanalında mütəmadi olaraq Azərbaycanla bağlı qaralama kampaniyasının aparıldığı barədə bu ölkədə teleradio fəaliyyətini tənzimləyən Radio və Televiziya Üst Quruluna (RTÜK), eləcə də Rabitə naziri Fəxrəddin Altuna ünvanladığı müraciət müsbət nəticəsini verib.

Ədalət Turan müraciətində “Kudüs TV” adlı Türkiyə telekanalında mütəmadi olaraq xalqın iradəsi ilə ölkəsinin milli maraqları çərçivəsində fəaliyyət göstərən Azərbaycan hökumətinin siyasətinin qaralandığını, ölkəmizin xarici siyasətinin aşağılandığını bildirib. O, son dəfə 8 oktyabr 2021-ci ildə “Üçüncü Göz” proqramının aparıcısı Nurəddin Şirinin Azərbaycanla bağlı danışarkən iftira və həqarətə yol verdiyini, bunu isə həm Azərbaycan xalqının, həm Türkiyənin Azərbaycan əsilli vətəndaşlarının, həm də Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hiddətlə qarşıladığını bildirib, “Kudüs TV” barəsində tədbir görülməsini tələb edib.


Müraciəti araşdıran RTÜK “Kudüs TV” barəsində pul cəzası qərarı çıxarıb.

Teqlər: