Quru hərəkatı başladı, ancaq nəticədə Təl-Əvivin qazanacaqları və itirəcəkləri hələlik böyük müzakirə mövzusudur. İsraili bu mərhələdə müxtəlif çətinliklər də gözləyir, çünki şəhər müharibəsi müdafiədə olanlar üçün əlverişli, hücum edən üçün neqativ vəziyyət doğurur. Dolayısı ilə bu hərəkat müharibəni bitirmək, atəşkəs əldə etmək yerinə, onu daha da genişləndirəcək, şiddətini artıracaq.
Bu sözləri AzerTimes-a İsrail və HƏMAS arasındakı müharibənin mümkün inkişaf istiqamətləri haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.
Alim baş verən proseslərin bir çox ölkənin, eyni zamanda Türkiyə və Rusiyanın da müharibəyə qoşulmasına səbəb ola biləcəyini qeyd edib:
“Quru hərəkatı İsrailin Qəzzanı tamamilə nəzarət altına almaq məqsədindən xəbər verir və bu, eyni zamanda itirilən psixoloji üstünlüyü yenidən qazanmaq cəhdidir. Yəmənin də rəsmi şəkildə İsrailə müharibə elan etməsi sadə məsələ deyil. Vəziyyət daha da gərginləşə, öz məcrasından çıxa və qığılcım digər ölkələrə də sıçraya bilər. Çünki Yəmənin birbaşa nə Fələstin, nə də İsraillə sərhədi var, ancaq Qırmızı dənizdə toqquşma mümkündür. Quruda müharibə üçün isə arada yerləşən Səudiyyə Ərəbistanı və İordaniya da prosesə qoşulmalıdır. Yəni cəbhənin genişlənmə ehtimalı çox böyükdür. Suriya ilə İsrail arasında da müharibə gerçəkləşsə, ABŞ-ın Dəməşqə qarşı PKK və YPG-dən aktiv istifadə edəcəyini bilməliyik. Vaşinqton artıq illərdir ki, bunun zəminini hazırlayıb və YPG-nin əsasını təşkil etdiyi terrorçu qrupların adını İŞİD-ə qarşı vuruşan “Suriya Demokratik Qüvvələri” qoyub. Belə olduğu halda isə Türkiyənin səssiz qalması mümkün deyil. Çünki Suriyada PKK və YPG-nin vasitəsilə orduya qalib gəlmək son nəticədə o ərazidə bir terror dövlətinin qurulmasını gətirib çıxara bilər. Buna isə Türkiyə heç cür razı ola bilməz. Əlbəttə ki, Rusiya da Suriyadakı rejimin devrilməsinə imkan verməyəcək və hansısa formada müharibəyə qoşulacaq. Hakan Fidanın Qahirədə verdiyi açıqlama da toqquşmaların öz sərhədlərini aşma riskinin çox olduğunu təsdiqləyir”.