Türkiyə və Pakistan əməkdaşlığı genişləndirmək niyyətindədir – Ərdoğan

Türkiyə və Pakistan həm ikitərəfli, həm də beynəlxalq
platformalarda əməkdaşlığı genişləndirməkdə qərarlıdır.

Trend xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada
Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlardan sonra keçirilən
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı Türkiyə və Pakistan
liderləri ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi
məsələlərinin bütün spektrini müzakirə ediblər.

Dövlət başçısı əlavə edib ki, tərəflər regional və beynəlxalq
məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Türkiyə lideri qeyd edib ki, Ankara və İslamabad strateji
nöqteyi-nəzərdən ikitərəfli münasibətləri iki ölkənin tarixinə,
dostluğuna və potensialına uyğun olaraq daha da gücləndirməyə
hazırdır. R.T.Ərdoğan Türkiyə ilə Pakistan arasında müdafiə
sənayesi sahəsində uğurlu əməkdaşlığa diqqət çəkib.

“Biz son vaxtlar həyata keçirilmiş konkret əməkdaşlıq
layihələrindən məmnunuq. MİLGEM layihəsi çərçivəsində korvetlərin
birgə istehsalı bu baxımdan mühüm nümunədir”, – Türkiyə prezidenti
bildirib.

Dövlət başçısı Türkiyə ilə Pakistan arasında ikitərəfli
ticarətin həcminin 1 milyard dollara çatdığını və tərəflərin bunu 5
milyard dollara çatdırmaq niyyətində olduğunu bildirib.

Əfqanıstandakı vəziyyətə toxunan Türkiyə lideri bu ölkədə
davamlı sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

“Biz (Pakistanla – red.) Əfqanıstan xalqına humanitar böhranın
təsirlərini yumşaltmaqda kömək etmək üçün birlikdə işləyirik.
Türkiyə Əfqanıstana 4000 tondan çox humanitar yardım daşıyan 4
qatarı göndərib, indi biz beşinci qatarı göndərməyə hazırlaşırıq”,
– R.T.Ərdoğan əlavə edib.

Teqlər: