Türkiyə və Azərbaycanın kənd təsərrüfatı imkanlarını birləşdirmək istəyirik – MÜSİAD rəhbəri

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyənin kənd təsərrüfatı sahəsindəki imkanlarını Azərbaycanla birləşdirmək istəyirik. Qardaş Azərbaycanla birgə dünyanın kənd təsərrüfatı sahəsində olan ehtiyaclarını qarşılamaq niyyətimiz var.

AzerTimes-ın məlumatına görə bunu, Beynəlxalq Biznes Forumunun (IBF) prezidenti, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu rəhbəri Erol Yarar Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda çıxışı zamanı deyib.

“”Biz Azərbaycanda nə edə bilərik?” sualı ümidverici, çox geniş məlumatlarla doludur. Azərbaycan böyük potensiala malikdir. Türkiyənin kənd təsərrüfatı imkanlarını Azərbaycanla birləşdirmək istəyirik. Qardaşımızla birgə dünyanın kənd təsərrüfatı sahəsində olan ehtiyaclarını qarşılamaq niyyətimiz var.

İkinci bir mövzu turizmdir. Azərbaycanda turizm potensialı çox böyükdür. Qafqaz qış turizm potensialını Azərbaycanda reallaşdırmaq planımız var”, – deyə E.Yarar bildirib.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.

Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.azturkic.world media layihəsidir.

Teqlər: