Türkiyə və ABŞ Birgə Strateji Mexanizmi işə salıb

Türkiyə və ABŞ ikitərəfli əməkdaşlığın daha da
genişləndirilməsini nəzərdə tutan Birgə Strateji Mexanizmi işə
salıb.

Trend xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı
birgə bəyanatda qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə
ABŞ Prezidenti Cozef Bayden arasında 2021-ci ilin oktyabrında
Romada keçirilmiş görüşdə əldə edilən razılaşmaya uyğun olaraq
Türkiyə-ABŞ Strateji Mexanizminə aprelin 4-də Ankarada start
verilib.

Məlumata görə, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal
və ABŞ dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoria
Nulandın rəhbərliyi ilə iki ölkəni təmsil edən heyətlər arasında
keçirilmiş görüşdə iqtisadiyyat və müdafiə sənayesi sahəsində
əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal məsələlər daxil
olmaqla tərəflər üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə
olunub.

ABŞ Türkiyənin Ukrayna böhranının “ədalətli və diplomatik
danışıqlar yolu ilə həlli” istiqamətində səylərini alqışlayıb.

Tərəflər həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə
sadiq olduqlarını vurğulayıblar.

Bildirilir ki, ABŞ Ticarət Nazirinin müavini Marisa Lago
Strateji Mexanizmin iqtisadiyyat və ticarət sahələrinə aid
əməkdaşlığı genişləndirmək məqsədilə aprelin 5-də Ankaraya iki
günlük səfər edəcək.

Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Xarici işlər
nazirləri səviyyəsindəki görüşün bu il keçirilməsi nəzərdə
tutulub.

Teqlər: