Türkiyə uzun müddət ABŞ-ın dominant olduğu hərbi sahədə inqilab edib – Türkiyəli ekspert

Türkiyə uzun müddət ərzində ABŞ-ın dominantlıq etdiyi mövcud
hərbi sahədə inqilab edib və Ankaranın müdafiə sənayesindəki
uğurları onun bölgədəki rolunun bu qədər artmasında əsas
səbəblərdən biridir.

AzerTimes-ın məlumatına görə,
bunu TurkicWorld-a açıqlamsında, InsightTurkey jurnalının baş
redaktorunun müavini, Türkiyənin SETA araşdırma mərkəzinin xaric
siyasət bölümünün icmalçısı Gloria Shkurti Özdemir bildirib.

O qeyd edib ki, uzun müddətdir ki, Türkiyənin müdafiə sistemi və
sənayesi xarici faktordan, xüsusən də ABŞ-dan çox asılı vəziyyətdə
olub.

“Bununla belə, dəyişkən bir beynəlxalq müstəvidə Türkiyənin öz
milli maraqlarını qorumaqla müstəqil bir xarici siyasət yürütməyə
çalışdığı şəraitdə bu dövlətin müdafiə sənayesini gücləndirilməsi
artıq zərurətə çevrilib. Şübhəsiz ki, bu məqsədə çatmaq üçün əsas
vasitələrdən biri ABŞ kimi xarici faktorlardan asılılığı azaltmaq
və silah sistemlərinin, o cümlədən pilotsuz uçuş aparatları
(dronlar), helikopter, döyüş təyyarələri, raketlər və hətta
amfibiya hücum gəmilərinin istehsalını və milli inkişafını
artırmaqdan ibarətdir”-deyə o əlavə edib.

Ekpsert hesab edir ki , silah sistemləri, xüsusən də Bayraktar
TB2 dronlari Suriya, Liviya, Qarabağ , eləcə də Ukraynada gedən
münaqişələrdə həll edici rol oynayıb.

Onun sözlərinə görə, bu, Türkiyənin müdafiə sənayesinin həm
regional, həm də qlobal imici baxımından mühüm rol oynayır.

“Bu uğurların nəticəsi olaraq deyə bilərik ki, Türkiyənin
müdafiə sənayesi qısa bir müddət ərzində yüksək səviyyəyə çatıb və
bununla da dünyanın aparıcı sənayelərindən birinə çevrilib.
Xüsusilə pilotsuz uçuş aparatları baxımından Türkiyənin müdafiə
sənayesinin ABŞ, İsrail və ya Çin kimi bir neçə aparıcı dövlətlərlə
rəqabət apardığının da şahidi oluruq”-deyə Özdemir bildirib.

Bir çox dövlətlərin niyə Türkiyənin silah sisteminə üstünlük
verməsi sualınıza cavab olaraq ekspert bildirib ki , Türkiyə digər
dövlətlərlə müqayisədə daha büdcəyə uyğun silahlar istehsal edir,
lakin buradakı əsas amil bu silahların əldə etdikləri
uğurlardır.

“ Dronlara gəldikdə, Türkiyə ABŞ-dan daha ucuz (ABŞ-ın bu sahədə
lider olduğunu nəzərə alsaq) və eyni zamanda Çinin ucuz
dronlarından daha uğurlu olan pilotsuz uçuş aparatı istehsal edə
bilib. Bu iki element Türkiyəni aparıcı dron istehsalçıları
arasında öz yerini tutmasına səbəb olub” – deyə o əlavə edib.

Özdemir hesab edir ki, Türkiyə uzun müddət ərzində ABŞ-ın
dominantlıq etdiyi mövcud hərbi sahədə inqilab edib.

“Türkiyə digər dövlətlərdən hərbi asılılığını azaltmaqla milli
maraqları təhdid edilən bir çox dövlətlər üçün nümunə və
alternativə çevrilib. Məsələn, Dağlıq Qarabağ münaqişəsi
məsələsində Qərb və xüsusən də ABŞ Azərbaycana lazımi dəstəyi verə
bilmədi. Halbuki, Türkiyənin TB2 dronları bu münaqişənin həllində
əsas rol oynamış oldu” – deyə eksper qeyd edib.

Özdemirin sözlərinə görə, son statistik göstəricilərə əsasən,
Türkiyə hazırda müdafiə sənayesi sahəsində daxili ehtiyacının
təxminən 70-80 faizini özü istehsal edir.

“Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə öz
ehtiyaclarını tam ödəməyi hədəfləyir. Həmçinin Müdafiə Sənayesi
Rəhbərliyi 2053-cü ilə qədər ölkə üzrə bütün silahların 100% milli
istehsal olacağını və bununla da müdafiə sənayesidə tam
müstəqilliyə nail olmağı planlaşdırır. Türkiyənin son zamanlar əldə
etdiyi inkişafı nəzərə alsaq, bunu nail oluna bilinəcək bir məqsəd
kimi qəbul edə bilərik” – deyə Özdemir vurğulayıb.

Özdemir qeyd edib ki, statistik məlumatlara əsasən, keçən il
Türkiyənin müdafiə və aerokosmik ixracatı 2020-ci illə müqayisədə
təxminən 40% artaraq 3,22 milyard dollara çatıb və Prezident
Ərdoğanın bu ilin əvvəlində verdiyi açıqlamaya görə, 2022-ci ildə
bu sahədəki ixracatın 4 milyard dollara çatacağı gözlənilir.

“Burada bir faktı da qeyd etmək lazımdır ki, Türkiyənin müdafiə
sektoru dünyanın ümumi müdafiə və aerokosmik ixracının təxminən
1%-ni təşkil edir, dünya ixracatının 75% isə ABŞ, Rusiya, Çin,
Almaniya və Fransa kimi böyük dövlətlərin dominantlığı altındadır.
Qarşıdakı beş ildə Türkiyənin öz ixrac potensialını daha da
artıraraq, ilk 10 ixracatçı ölkə arasında yer almağı gözlənilir.
Onu da deyə bilərik ki, TB3, “Kızılelma” və ya “Akıncı” kimi yeni
müdafiə sənayesi məhsullarının Türkiyənin ixrac potensialının
artırılmasında böyük rol oynaya bilər. Son olaraq, Böyük Britaniya
və Kanada da daxil olmaqla bir sıra dövlətlər Türkiyənin müdafiə
sənayesi məhsullarının ixracına qadağa qoyub. Lakin, bir neçə gün
bundan əvvəl Böyük Britaniya bu qadağanı ləğv edib və Kanadanın da
tezliklə bu qadağanı qaldıracağı gözlənilir. Təbii ki, bütün bunlar
Türkiyənin ixracat potensialına müsbət təsir göstərən amillərdir” –
deyə ekspert bildirb.

Türkdilli ölkələrlə hərbi sahədə əməkdaşlığına münasibət
bildirən ekspertin sözlərinə görə, Türkiyə ilə digər Türkdilli
dövlətlər arasında hərbi əməkdaşlıq hər zaman ikitərəfli əlaqələrin
əsasını təşkil edib. “Türkiyə ilə Türk dövlətləri arasında bu
sektorda əməkdaşlığın genişləndirilməsi üçün bir sıra sazişlər
imzalanıb. Eyni zamanda, Özbəkistan istisna olmaqla, digər bütün
Türkdilli dövlətlər Türkiyədən ya PUA-lar alıb, ya da alınması üçün
müraciət ediblər”- deyə SETA siyasi şərhçisi deyib.

Teqlər: