Türkiyə Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün
fəal səylər göstərir. İlkin olaraq Ukraynada humanitar atəşkəsin,
sonra isə uzunmüddətli atəşkəsin təmin edilməsi lazımdır.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud
Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə dostluq münasibətləri
ədalətin bərqərar olması yolunda Ankara üçün maneə deyil.
Nazir qeyd edib ki, müəyyən illərdə Suriya və Liviyada Türkiyə
ilə Rusiya arasında çətin dövrlər yaşanıb.
“Ukrayna məsələsində biz münaqişənin qaynar fazasının
başlamasının qarşısını almaq üçün fəal səylər göstərdik. Müharibə
atəşi söndürülməsə, bütün tərəflər zərər görəcək”, – deyə
M.Çavuşoğlu vurğulayıb.
Diplomatiya rəhbəri bildirib ki, Rusiya ilə Ukrayna arasında
danışıqlarda irəliləyiş var və tərəflər əsas məsələlər üzrə
razılığa gəlməyə yaxındırlar:
“Eyni zamanda, Rusiya Federasiyası və Ukrayna prezidentlərinin
Türkiyədə və ya başqa bir ölkədə görüşünün təşkili vacibdir”.