Türkiyə üçün yeni fürsət: böyük gücə çevrilir

Türkiyə üçün yeni fürsət: böyük gücə çevrilir

Şimal Axını-1/2 boru kəmərləri ilə Avropaya 110 mlrd. m3 qaz nəqli nəzərdə tutulmuşdu. 2021-ci ildə Şimal Axını-1 ilə 55 mlrd. m3 qaz AB ölkələrinə çatdırılmışdı, borunun 2-ci xətti isə Rusiyanın Ukraynaya təcavüzünə görə sanksiyalara məruz qaldı və açılmadı.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bir neçə gün öncə Şimal Axını-2 partladılaraq sıradan çıxarıldı:

“Son məlumata görə, partladılan boru xəttlərinə dəniz suyu dolub, onların bərpası mümkün deyil, çünki duzlu su karroziyaya səbəb yaradır, ona görə də su dolan hissələr mütləq dəyişdirilməlidir. Bu isə o deməıkdir ki, yaxın illərdə bu xətlər bərpa olunmayacaq.

Avropanın illik qaz istehlakı 510 mlrd. m3-dir, keçən ilə qədər Rusiya bu həcmin 170-180 mlrd. m3-ni bir neçə boru xətti ilə təmin edirdi, indi bu xətlərdən yalnız biri – Ukraynadan keçən xətt işlək vəziyyətdədir, müharibəyə baxmayaraq, nə Rusiya, nə də Ukrayna o kəmərlərə toxunur, amma həcm olaraq qaz nəqli çox aşağı düşüb.

Avropa üçün qazla əsas tədarük istiqaməti Türkiyə üzərinə keçir, həm “Türk axını”, həm də TANAP və TAP layihələri; bundan başqa İrandan Türkiyəyə çəkilmiş, artıq işlək vəziyyətdə olan (İTE) boru xətti də var, həcmini 30 mlrd. m3 qaldırmaq imkanı olan xəttdir. Ümumilikdə Türkiyə bütün boru xəttlərinin tam həcmlə işləməsi zamanı Rusiya, Azərbaycan və İrandan 90-100 mlrd. m3 qaz ala bilər, bu isə Türkiyəni böyük qaz “habına” çevirmək üçün yetərlidir. Bundan başqa Türkiyənin özü də qaz hasil etməyə başlayır, həm də İsrail qazının bir hissəsinin Türkiyə üzərindən Avropaya çatdırılması planlaşdırılır”.

Ekspertin fikrincə, Türkiyənin yeni qazpaylayıcı mərkəzə çevrilməsi Azərbaycanın maraqlarına tam uyğun olması ilə yanaşı, qardaş Türkiyəyə də böyük imkanlar açır və bu, Avropa üçün də çox önəmlidir:

“AB ölkələrinin ehtiyac duyduğu qaz həcmi getdikcə artacaq, buna görə də birbaşa olmasa da, dolayısı ilə Rusiyadan qaz almaqda davam edəcəklər, başqa çarələri yoxdur. Qazın qiymətinin kəskin qalxması isə Avropada həm də sənaye istehsalının maya dəyərini bahalaşdırır. Bu mənada Almaniya və digər Avropa ölkələri iri enerjitutumlu sənaye istehsalını Türkiyəyə daşıya bilər, bunun üçün Türkiyə ideal logistik və enerji üstünlüklərinə malikdir, həm də gənc, dinamik nüfuzu, işsiz olan 4 mln. vətəndaşı var ki, bunlardan da 20%-i gəncdir. Ucuz enerji, ucuz işçi qüvvəsi, ideal coğrafi-logistik mövqeyi Türkiyəni yaxın gələcəkdə fraqmental dünyanın yeni regional liderlərindən birinə çevirəcək. Bunun üçün Türkiyə bəzi institutsional problemlərini həll etməli, məkhəmə hakimiyyətində olan boşluqları doldurmalı, Mərkəzi Bankı və məhkəmələri AKP idarəetməsindən çıxartmalıdır.

Ötən əsrin 50-ci-60-cı illərində yüzminlərlə Türkiyə vətəndaşı Almaniyaya işləmək üçün axın etdi, Almaniyanın dirçəlməsində rol oynadı, indi isə Almaniya sənayesi özü Türkiyəyə gələ bilər, bu isə qardaş ölkə üçün həyati önəmlidir”.

Teqlər: