Türkiyə Türkmənistanda yeraltı qaz anbarlarının tikintisinə sərmayə qoymağı planlaşdırır.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraqdar Aşqabada ikigünlük səfərinin yekunlarını şərh edərkən bildirib.
Nazir qeyd edib ki, Türkiyənin BOTAŞ dövlət şirkəti qaz anbarlarının tikintisində böyük təcrübəyə malikdir:
“Bu gün Türkiyənin istismar ehtiyatı 6 milyard kubmetr olan yeraltı qaz anbarları (YQA) var. 2028-ci ilə qədər biz YQA ehtiyatlarının həcmini iki dəfə artıraraq 12 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Biz öz təcrübəmizi bölüşməyə də hazırıq”.
Türkmənistan qazının Türkiyəyə tədarük imkanlarına gəlincə, Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, yaxın 20 ildə Ankara Türkmənistandan ildə 15 milyard kubmetr qaz almağı nəzərdə tutur.
“Ümumilikdə, biz 300 milyard kubmetr qaz almağı planlaşdırırıq, lakin bunun üçün boru xətti lazımdır. İlkin olaraq svop tədarükü sxemindən istifadə edəcəyik ki, bu da ildə 2 milyard kubmetr qaz tədarükünü təmin edəcək”, -deyə nazir qeyd edib.
Bayraqdar bildirib ki, Aşqabadda Türkmənistan yataqlarında birgə qaz hasilatı mövzusunu da müzakirə edib:
“Aşqabadda biz əməkdaşlığın bütün spektrini müzakirə etdik. Birinci mərhələdə Cənub-Şərqi Avropa ölkələrinin ehtiyaclarını ödəyə biləcəyik. Ən effektivi, təbii ki, Xəzər dənizindən keçən boru kəməridir”.