Türkiyə terrorla mübarizəni davam etdirəcək – Ərdoğan

Türkiyə İraqın şimalından gələn terror təhlükəsinə qarşı
güzəştsiz mübarizəsini davam etdirəcək.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

O, bildirib ki, Türkiyənin İraqın şimalında aprelin 18-dən
həyata keçirdiyi “Pəncə Kilid” antiterror əməliyyatı zamanı PKK
terror təşkilatının 60 silahlısı zərərsizləşdirilib.

Onun sözlərinə görə, əməliyyatda Türkiyə xüsusi təyinatlılarının
hərbçiləri fəal rol oynayır.

Türkiyə Prezidenti qeyd edib ki, terrorçuların yerindən asılı
olmayaraq xüsusi təyinatlılar o əraziyə daxil olacaqlar.

Xatırladaq ki, aprelin 18-nə keçən gecə Türkiyənin milli müdafiə
naziri Hulusi Akar “Pençe Kilit” əməliyyatının başladığını elan
edib.