Türkiyə taxıl sazişini əvvəlki formatda bərpa etmək üçün fəal səy göstərir və Ukraynadan taxıl ixracı üçün alternativ variantları dəstəkləmir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” nəşri bildirib.
“Türkiyə alternativ marşrutların yaradılması təkliflərini alqışlamır”, – nəşr yazıb.
Nəşr qeyd edir ki, Ankarada mövcud taxıl dəhlizinin fəaliyyətini bərpa etmək ümidi ilə BMT, Rusiya və Ukrayna nümayəndələri ilə diplomatik təmaslar davam edir. Ankaranın mövqeyi ondan ibarətdir ki, taxıl sazişinin bərpası onun əsas missiyasının həyata keçirilməsinə töhfə verəcək və Qara dəniz hövzəsində gərginliyi azaldacaq.
Qeyd edək ki, avqustun 5-də Ukrayna və Türkiyənin xarici işlər nazirləri Dmitri Kuleba və Hakan Fidan arasında reallaşan telefon danışığında taxıl sazişinin bərpası istiqamətində addımlar müzakirə edilib.