Türkiyə suriyalı qaçqınların könüllü qayıtmasını təmin edəcək – Ərdoğan

Türkiyə hakimiyyəti Türkiyədə sığınacaq tapmış suriyalı
qaçqınların öz vətənlərinə könüllü və ləyaqətlə qayıtmaları üçün
bütün lazımi şəraiti təmin etmək niyyətindədir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

“Türkiyədəki suriyalı qaçqınların sayı onların öz vətənlərinə
könüllü qayıtmaları üçün lazımi şərait yaradıldıqda məqbul
səviyyəyə enəcək”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq humanitar təşkilatların
ayırdığı maliyyə sayəsində hazırda Suriyanın 13 rayonunda bu
ölkədən olan qaçqınlar üçün 200 min ev tikir.

Türkiyə prezidenti bildirib ki, Türkiyənin müvafiq
strukturlarının araşdırmalarına görə, ölkədə yaşayan bir milyondan
çox suriyalı sığınacaq axtaran şəxs vətənlərinə qayıtmaq
istəyir.

Ərdoğan onu da qeyd edib ki, 2016-cı ildən bəri müxtəlif
yollarla Türkiyəyə daxil olan və ölkələrinə geri göndərilən
qeyri-qanuni miqrantların sayı 320 min nəfəri keçib.